Dünən

Rusiya və ABŞ arasında Ukrayna ilə bağlı danışıqlar davam edir – “Siyasi iradə var, amma razılaşma hələ yoxdur”

Rusiya ilə ABŞ arasında Ukrayna münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar müsbət qiymətləndirilsə də, hələlik konkret sülh razılaşması gündəmdə deyil. Təhlil.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

“Hələ də konkret bir razılaşmanın aydın konturları yoxdur, lakin bu istiqamətdə irəliləmək üçün siyasi iradə mövcuddur,” – deyə Peskov ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun Rusiya və Ukrayna arasında sülh razılaşmasının “görünməyə başladığı” haqda fikirlərinə münasibət bildirərkən deyib.

Peskov əlavə edib ki, Moskva ilə Vaşinqton arasında başqa diplomatik əlaqə kanalları da fəaliyyət göstərir. Bununla belə, o, tezliklə nəticə gözləməyin real olmadığını vurğulayıb.

Rusiya rəsmisi həmçinin qeyd edib ki, ABŞ və bəzi Avropa ölkələrinin münaqişəyə yanaşmalarında fərqlər mövcuddur, lakin Moskva və Vaşinqton sülhün əldə olunması məqsədilə dialoqu davam etdirir.