Çin təyyarələri gizli şəkildə İrana uçdu

Çin Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Türkmənistan üzərində müşahidə olunub.
Təhlil.az xəbər verir ki, uçuş zamanı təyyarələrin transponderlərini (yeri müəyyənləşdirən ötürücüləri) söndürərək İran sərhədinə doğru hərəkət etdikləri bildirilib. Bu addım onların trayektoriyasını gizlətmək və izlənmədən yayınmaq məqsədi daşıyır.
İddialara görə, bu, Çinin İrana hərbi texnika tədarük etməsi ilə bağlı gizli əməliyyat ola bilər. Tədarükə hava hücumundan müdafiə sistemləri, idarə olunan raketlər və ya həssas hərbi-logistika avadanlıqları daxil ola bilər.
Müşahidəçilər bu hərəkəti İsrailin son dövrlərdə İrana və onun müttəfiqlərinə qarşı həyata keçirdiyi hücumlara cavab kimi qiymətləndirir. Çin tərəfi məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Ekspertlər bu kimi gizli hərbi tədarüklərin regionda gərginliyi daha da artıracağını və beynəlxalq səviyyədə yeni diplomatik reaksiyalara səbəb ola biləcəyini vurğulayırlar.