Dünən

İran İsrailin Kiryatdakı hərbi qərərgahını vurub!?

Ötən gecə Amerikanın "Fox News" telekanalı İranın ballistik raketlərlə birbaşa İsrailin Kiryatdakı hərbi qərargahını vurduğunu bildirib.

Təhlil.az xəbər verir ki, "Kiryat, İsrail üçün Pentaqon deməkdir və bu kompleksin üzərindəki bina indicə vuruldu", - deyə, canlı bağlantıdakı müxbir qeyd edib.

Xəbər aparıcının da təəccübünə səbəb olub. Çünki, İranın bəzi raketləri İsrail və ABŞ-nin ən güclü raketdən müdafiə sistemlərinin aktiv fəaliyyətinə baxmayaraq hədəfi vurmağı bacarıb.

Bəs, İran silahlı qüvvələrinin atdığı raketlər hansı müasir sistemlərin müdafiəsini yara bilib!?

“Iron Dome” - Dəmir qübbə İsrail tərəfindən istehsal olunmuş istənilən hava şəraitində işləməyi bacaran qısa məsafəli hava hücumundan müdafiə sistemidir.

Bu sistem istənilən ərazini 4 kilometrdən 70 kilometrə qədər məsafədən atılan qısa məsafəli raketlərdən və ya artilleriya atəşindən qorumaq imkanına malikdir.

ARROW - İsrail və ABŞ tərəfindən müştərək olaraq maliyyələşdirilən anti-ballistik raket sistemidir. ARROW layihəsi (2 milyard USD) 1998-ci ildə ABŞ-nin maliyyə yardımı ilə İsrail tərəfindən başladılıb və 2010-cu ildə hazırlanmış sistem bütün sınaqları keçərək İsrail ordusuna daxil edilib. ARROW öz göstəricilərinə görə bütün rəqiblərini üstələyir.

Texiki göstəricilərinə görə ARROW-un hədəfi müəyyən etmə ehtimalı 99.9%, hədəfi məhv etmə ehtimalı isə 90%-dir. Sistem hədəfləri 3 000 km-ə qədər məsafədə müəyyən edir, izləyir, 100 km radiusda isə məhv edir. İntellektual sistem əsas döyüş başlığını “decoy”dan ayırmaq imkanı verir. Buraxıcı qurğudan ayrıldıqdan sonra raketin sürəti 3 km/saniyəyə çatır. Sistem eyni vaxtda 12 hədəfi izləyib məhv edə bilir.

David's Sling - Davudun sapandı, İsrail və Amerika müdafiə sənayesinin müştərək istehsalı olan və İsrail Müdafiə Qüvvələrinin istifadəsində olan hava hücumundan müdafiə sistemidir.

Hava hücumundan müdafiə sistemi düşmən təyyarələrini, pilotsuz uçuş aparatlarını, taktiki ballistik, orta və uzun mənzilli, eləcə də qanadlı raketləri məhv etmək üçün nəzərdə tutulmuşdur, 40-300 km mənzilə malikdir.

Patriot MIM-104 - ABŞ Ordusu və bir neçə başqa müttəfiq ölkə tərəfindən istifadə olunan əsas zenit-raket kompleksidir.

Patriot sisteminə əsas vəzifələrdən biri kimi anti-ballistik raket buraxma funksiyası da əlavə olunmuşdur. Bu yeni raketlər əvvəlki variantlarla müqayisədə daha sürətli döyüş başlığına sahib olmaqla yanaşı, düşmən tərəfindən istifadə olunan radarda görünmək imkanı azaldılan raketlərə qarşı da kifayət qədər effektivdi.

Bu HHM kompleksinin ən azı 2040-cı ilə qədər silahlanmada qalacağı gözlənilir.

THAAD - Ərazinin Yüksək Hündürlükdə Havadan Müdafiəsi, qısa və orta mənzilli təhdid ünsürlərinə qarşı təkmilləşdirilərək yaradılmış, ABŞ Quru Qoşunlarına məxsus olan ballistik raketlərdən müdafiə sistemidir.

THAAD sistemi AN-TPY-2 radarları istifadə edir ki, bu radarlar da dünyanın ən geniş mənzilli daşınabilən yer-hava radarlarıdır. AN-TPY-2 radarları 1000 km məsafədə atılan ballistik raketləri atmosferə çatmamış müəyyən edir.

Raketin sürəti 2,8 km/san, lülə çapı 34 sm, ağırlığı 900 kq-dır. 200 km radiusda, 150-200 km yüksəklikdə olan hədəfləri vura bilir və 3500 km-ə qədər mənzilli ballistik raketlərə qarşı effektivdir. THAAD sistemi ABŞ ordusu tərəfindən istifadə edilir.

Qeyd edək ki, İranın ötən gecə İsrailə endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı 3-ə çatıb, 91 nəfər yaralanıb. Həmçinin məlumatlara əsasən, 150-dən artıq hədəf və İsrailin 2 ədəd radara görünməyən, 5-ci nəsil F-35 qırıcı təyyarəsi vurulub.

Babək Zeynal

SORĞU

Çörəyin qiyməti

İstehlak etdiyiniz çörəyin keyfiyyətindən razısınızmı?