İsrailin İrana hücumu, regionda eskalasiya təhlükəsi - ŞƏRH

İsrail İran hədəflərinə misli görünməmiş güclü hücum həyata keçirib. Tanınmış generallar və nüvə fizikləri öldürülüb, uranı zənginləşdirən zavodlar zədələnib. Yayılan xəbərlərdən məlum olur ki, hücum zamanı İsrail ordusu 200-dən çox təyyarədən istifadə edib. Artıq İran tərəfi cavab tədbirləri barədə müxtəlif açıqlamalar verib. İsrailin hücumu fonunda iki ölkə arasında münasibətlərin gərginliyi pik həddə çatıb və regionda ciddi eskalasiya təhlükəsi yaranıb. İsrail hökuməti artıq yerli sakinləri bunkerlərə keçməyə, ərzaq ehtiyatı görməyə çağırıb. Eyni zamanda səfərbərliklə bağlı məlumatlar da dolaşır. İran da öz növbəsində sərt cavab veriləcəyini, bunun İsrail üçün ağır nəticələrə səbəb olacağını açıqlayıb.
Hadisələrin gedişatı göstərir ki, İran tərəfi bu hücumu cavabsız qoya bilməz. Belə bir hücuma cavab verməmək, rəsmi Tehranın nüfuzuna ciddi təsir edə bilər. Çünki artıq Suriya və Livanda baş verən hadisələr fonunda İslam Respublikasının nüfuzu ciddi zərər görüb. Belə bir hücuma cavab verməmək isə vəziyyəti daha da qəlizləşdirə bilər. Mediada yayılan xəbərlərə görə, artıq İran tərəfi pilotsuz təyyarələrini İsrail ərazisinə göndərib. Bu səbəbdən də yəhudi dövlətində hava həyəcanı siqnalları səsləndirilib.
İsrailin bu hücumu eyni zamanda Yaxın Şərqin getdikcə daha çox xaosa qərq olduğuna işarə edir. ABŞ-nin regionu tərk etməklə bağlı qərarının müharibəyə səbəb ola biləcəyi barədə hələ ekspertlər bir müddət əvvəl fikir səsləndirmişdilər. Eyni zamanda qeyd etmək lazımdır ki, bu hücum iyunun 15-nə planlaşdırılan İran-ABŞ danışıqları ərəfəsində baş verib. Artıq rəsmi Tehran danışıqların dayandırıldığını bəyan edib. Bu hücum Trampın İranla bu ölkənin nüvə silahı əldə etməsinə mane olacaq razılaşmaya nail olmaq cəhdlərinin qarşısını aldı. Eyni zamanda çox güman ki, İranın qisas almasına gətirib çıxaracaq ki, bu da İsrail və İran arasında daha geniş müharibəyə, Trampın açıq şəkildə qaçmağa çalışdığı yeni münaqişəyə çevrilə bilər.
Elə ABŞ rəsmilərinin hücumdan dərhal sonra açıqlama verərək İsrail zərbələrindən xəbərsiz olduqlarını, bu hücumun təktərəfli olduğunu bəyan etməsi də Netanyahu hökumətinin Trampa etimadsızlığını ortaya qoyur. Çünki rəsmi Vaşinqton İranla danışıqlarda nəticə əldə edilənə qədər İsrailin belə bir addım atacağını gözləmirdi. Hətta bazar ertəsi günü iki ölkə başçısının telefon danışığında Tramp Netanyahunu İrana hücum etməməyə çağırıb. Eyni zamanda Tramp cümə axşamı da açıqlama verərək açıq şəkildə Netanyahu hökumətini İrana hücum etməməyə çağırıb. Bununla belə, bu açıqlamadan bir neçə saat sonra İran bombalanıb. Ehtimallar arasında o da var ki, artıq rəsmi Vaşinqton danışıqların heç bir fayda verməyəcəyini düşünərək, gizli şəkildə Tel-Əvivə hücum üçün razılıq verib. Bilindiyi kimi, Donald Tramp administrasiyası danışıqlarda uğur əldə etməyəndə, daha çox təhdid və güc variantını işə salır. Bu səbəbdən də Netanyahunun hücumunun Ağ Evlə razılaşdırıldığı da versiyalardan biridir.
Bununla belə, bu hücum İranın ağır cavabı ilə nəticələnə bilər. Bu isə regionu xaosa və müharibəyə sürükləyəcək. Ümid etmək olar ki, beynəlxalq qurumlar və diplomatik danışıqlar ciddi müharibə təhlükəsinin qarşısını alsın.
Hikmət Həsənov