12 iyun

Rusiya Azərbaycana təzyiqlərindən əl çəkmir

Moskva Azərbaycanla güc, hədə-qorxu, şantaj mövqeyindən danışmağın mümkün olduğuna inanaraq Bakıya təzyiq strategiyasından əl çəkməyib və çəkməyəcək.

Bu sözləri təhlil.az-a açıqlamasında “Поистине” layihəsinin rəhbəri, politoloq Ruslan Aysin Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin Rusiyanın Ukraynaya qarşı müharibəsindən danışarkən Qarabağ bölgəsinin adını çəkdiyi son açıqlamasına münasibət bildirərkən deyib. Medinski Qarabağı “mübahisəli ərazi” adlandırıb.

“Ümumiyyətlə, Medinskinin özü, əlbəttə ki, ağıllı adam deyil. Mən hətta deyərdim ki, axmaqdır. “Rus insanının unikallığı əlavə bir xromosoma sahib olmasındadır” deyən məhz odur. Ancaq hamı bilir ki, əlavə bir xromosom patologiya hesab olunur.

Təəssüf ki, Medinski və onun kimiləri bir şeyi başa düşə və etiraf edə bilmirlər: Azərbaycan uzun müddətdir ki, müstəqil xarici siyasət yürütməyə qadir olduğunu praktiki olaraq nümayiş etdirmiş suveren, müstəqil, güclü dövlətdir”, - deyə Aysin qeyd edib.

Politoloqun fikrincə, hər şeydən əlavə, Azərbaycanın Türkiyə ilə güclü tandemi əslində Rusiyaya və hər hansı üçüncü xarici oyunçuya Bakıya birbaşa hərbi təsir göstərməyə imkan vermir.

“Azərbaycana təzyiq etmək üçüncü oyunçular üçün ağır nəticələrə səbəb ola bilər. Ona görə də biz Bakıya qarşı bu cür zərbələr, təxribatlar görürük. Axı aydın məsələdir ki, Azərbaycan işğal olunmuş Ukrayna ərazilərini Rusiyanın ərazisi kimi tanımır.

Məhz buna görə də Moskva indiki halda, Qarabağdan və yaxın vaxtlara qədər Ermənistanın işğalı altında olan qonşu rayonlardan istifadə edərək Bakıya təzyiq göstərmək cəhdlərindən əl çəkmir. Birincisi, Vladimir Putin özü etiraf etdi ki, Krım mübahisəli ərazi deyil. Krım Ukrayna ərazisidir. Həm də Azərbaycan heç vaxt Qarabağı erməni ərazisi kimi tanımayıb. Yəni, bütün beynəlxalq səviyyədə tanınmış akt və sənədlərə görə, Qarabağ Azərbaycanın bir hissəsidir. Yəni, Qarabağla Krım arasında əsaslı geosiyasi fərq var”, - deyə politoloq vurğulayıb.

Onun sözlərinə görə, Rusiya başqa dövlətin ərazisini zəbt etmiş təcavüzkardır.

“Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və bu fakt Ermənistan tərəfindən rəsmi şəkildə tanınıb. Bunu hətta rəsmi İrəvan da etiraf edib. Nikol Paşinyan şəxsən bildirib ki, Qarabağ erməni ərazisi deyil. Bu məsələdə həddindən artıq spekulyasiyaya, bu iki hadisəni müqayisə etməyə və ya nümayişkaranə şəkildə Azərbaycanı proksi müharibəyə sürükləməyə çalışmaq lazım deyil.

Əslində Gürcüstanla da belə bir vəziyyət olub və bu gün Tbilisi Moskvaya çox möhkəm bağlarla bağlanıb. Lavrov timsalında Rusiya indi İrəvanı da qaytarmaq üçün Ermənistanla bağlı oxşar ssenarini həyata keçirməyə çalışır. Qalan təkcə Bakıdır. Lakin Azərbaycan bu gün Cənubi Qafqazın ən güclü əsas oyunçusudur və onunla bu tip oyunlar oynamaq mümkün deyil. Ona görə də təəssüflə qeyd edə bilərəm ki, Moskva gələcəkdə də Bakıya hansısa formada təzyiq və təxribat törətməkdə davam edəcək”, - Aysin bildirib.

Rasim Babayev

SORĞU

Çörəyin qiyməti

İstehlak etdiyiniz çörəyin keyfiyyətindən razısınızmı?