10 iyun

Paşinyan kilsəyə, müxalifət baş nazir kürsüsünə: Ermənistan seçki öncəsi silkələnir - TƏHLİL

Ermənistanın daxili siyasi mühitində gərginlik durmadan artır. Baş nazir Nikol Paşinyanın Apostol Kilsəsinə qarşı başlatdığı kampaniyaya hər gün yeni çalarlar əlavə edilir. Artıq Nikol yeni katalikosun seçkiləri üçün Koordinasiya Qrupunu yaratmağı belə təklif edir. Son həmləsi ilə katalikosun kilsə andını pozaraq evləndiyini, bu nikahdan övladı olduğunu dilə gətirən baş nazirin əsas məqsədi seçkilərə qədər Kilsəyə də öz adamını təyin edərək, daha bir rəqibini çıxdaş etməkdir. Bunun üçün isə ortaya atılan məsələ yeni katalikos seçkiləri üçün Koordinasiya Şurasının yaradılmasıdır. Göründüyü kimi, baş nazir konkret olaraq Kilsəni özünə tabe etmək niyyətini güdür. Əslində bir müddət əvvəl hakim partiyanın gizli iclasında Kilsəyə qarşı küçə etirazlarının keçirilməsi nəzərdə tutulsa da, son anda bu plandan vaz keçilib. Bunun səbəbi həm tərəfdar sayının az olması, həm də keçiriləcək aksiyaların sonradan hakimiyyətin əleyhinə çevrilməsi ilə bağlı narahatlıqdır.

Digər tərəfdən isə müxalifət də son günlər baş verən proseslərdən özünə dividend qazanmaq üçün yeni həmləsini elan edib. Respublikaçılar partiyasının göstərişi ilə “Şərəfim var” fraksiyası parlamentdə yenidən impiçment prosesinə başlayacağını, Masis meri David Ambardsumyanın baş nazir postuna namizədliyini irəli sürəcəyini bəyan edib. Ambardsumyan erməni siyasi dairələrində kifayət qədər tanınmış şəxsdir və dəfələrlə yolu hakim partiya ilə “kəsişib”. İlk olaraq, 2018-ci ildə barəsində cinayət işi başladılıb və həbsə atılıb. Sonradan 5 milyon dram qarşılığında azadlığa buraxılıb. Növbəti illərdə isə onun Masis meri seçilməsinin qarşısını almaq üçün qohumlarını həbs ediblər. Buna baxmayaraq, David geri çəkilməyib və mübarizəsinə davam edib. Serj Sarkisyan tərəfindən onun namizəd seçilməsi də təsadüfi deyil. Məsələ burasındadır ki, Ambardsumyan Qarabağ ermənilərinə xüsusi diqqəti ilə tanınır və Masisdə 20 min Qarabağ ermənisinin məskunlaşmasına şərait yaradıb. Bu isə həmin təbəqə arasında geniş rezonans doğurub və Qarabağ klanının liderlərindən sayılan Sarkisyan ümid edir ki, seçkilərdə məhz Davidin çox səs toplama şansı var. Son günlər isə hakim partiya tərəfindən mer barədə müxtəlif şaiyələr dövriyyəyə buraxılıb. Ehtimal etmək olar ki, yaxın vaxtlarda David və yaxın qohumları barəsində cinayət işi açılacaq və onu seçkilərdə iştirakdan çəkindirmək üçün müəyyən planlar işə düşəcək.

Maraqlıdır ki, “Şərəfim var” fraksiyasının bu təşəbbüsü müxalifətin müəyyən qanadı tərəfindən dəstəklənməyib. Məsələn, Ovik Ağazaryan iyunun 9-da açıqlama verərək bildirib ki, Davidin namizədliyini dəstəkləmir. Ovik Ağazaryanın təmsil etdiyi partiya Edmon Marukyanın namizədliyini irəli sürəcək. Vaxtilə xüsusi tapşırıqlar üzrə səfir olan Marukyan Paşinyana yaxınlığı ilə tanınsa da, son dövrlər onu kəskin tənqid etməsi ilə diqqət mərkəzinə düşüb.

Göründüyü kimi, Alen Simonyan tərəfindən 2026-cı il 7 iyun tarixinin parlament seçkiləri elan ediməsindən sonra erməni siyasi mühitində ciddi çalxalanmalar başlayıb. Həm müxalifətin, həm də iqtidarın bu seçkilərə ölüm-dirim savaşı kimi hazırlaşdığını nəzərə alsaq, yaxın vaxtlarda yeni qalmaqalların üzə çıxacağını deyə bilərik.

Hikmət Həsənov

SORĞU

Çörəyin qiyməti

İstehlak etdiyiniz çörəyin keyfiyyətindən razısınızmı?