Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür

Bu gün Azərbaycanın görkəmli oftalmoloq-alimi, akademik Zərifə Əliyevanın vəfatından 40 il ötür.
Təhlil.az xəbər verir ki, Zərifə Əliyeva 1923-cü ildə Naxçıvanın Şahtaxtı kəndində dünyaya göz açmış, görkəmli dövlət xadimi Əziz Əliyevin qızı, müasir müstəqil Azərbaycanın memarı Heydər Əliyevin ömür-gün yoldaşı, ölkə Prezidenti İlham Əliyevin anasıdır. O, həm ailə həyatında, həm də elmi, ictimai fəaliyyətdə fədakar və nüfuzlu bir şəxsiyyət kimi seçilib.
Zərifə xanım oftalmologiya sahəsində mühüm elmi nailiyyətlər əldə edib. Xüsusilə, traxomanın erkən mərhələsində sintomisinlə müalicə üsulu onun ən uğurlu tədqiqatlarından biri olub. Bu metod respublikada geniş tətbiq edilib və xəstəliyin aradan qalxmasında həlledici rol oynayıb.
O, həmçinin görmə orqanının peşə patologiyasını dərindən araşdıraraq, bu sahədə dünyada ilk tədqiqat laboratoriyasını yaradıb və yeni bir elmi istiqamətin – peşə oftalmologiyasının əsasını qoyub. Onun "Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti" mövzusunda doktorluq dissertasiyası böyük maraq doğurmuşdur.
Zərifə Əliyeva 1980-ci ildə "Əməkdar elm xadimi", 1981-ci ildə isə SSRİ Tibb Elmləri Akademiyasının ən nüfuzlu mükafatı olan M.İ.Averbax adına mükafata layiq görülmüş ilk qadın alim olmuşdur. 1983-cü ildə isə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
O, həmçinin bir çox dəyərli dərslik və monoqrafiyaların müəllifi olub. Onun “Qlaukoma və gözün hipertenziyası”, “Gözün mikrocərrahiyyəsi”, “Şəkərli diabetdə göz xəstəlikləri” və digər əsərləri bu gün də aktuallığını saxlayır.
Zərifə xanım təkcə alim və ictimai xadim deyil, həm də nümunəvi ana və ailə başçısı idi. Öz övladlarına – xüsusilə də Prezident İlham Əliyevə bəxş etdiyi sevgi, tərbiyə və dəstək xalqın yaddaşında əbədi iz buraxıb. Müasirləri onu nurlu, qayğıkeş və fədakar bir ana kimi xatırlayır.
Onun "Həkim insanın ən doğma adamıdır" fikri isə bu gün də Azərbaycan səhiyyəsində peşə etikası üçün örnək sayılır.