7 İyun – Ümumdünya Qida Təhlükəsizliyi Günü

7 iyun – Ümumdünya Qida Təhlükəsizliyi Günüdür.
Təhlil.az xəbər verir ki, bu gün 2019-cu ildən etibarən hər il qeyd olunur və məqsədi insan sağlamlığı üçün təhlükəsiz və keyfiyyətli qidaya çıxışın vacibliyinə diqqət çəkməkdir.
BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə təşəbbüsü ilə təsis olunan bu gün bütün dünyada ərzaq təhlükəsizliyi məsələsinə dair maarifləndirməni artırmağa xidmət edir.
Qida təhlükəsizliyi – tarladan süfrəyə qədər qidanın bütün mərhələlərdə gigiyenik və sağlam olması deməkdir. Tərkibində zərərli bakteriya, virus, kimyəvi maddə və ya digər çirkləndiricilər olan məhsullar insan orqanizmi üçün ciddi təhlükə yarada bilər. Bu səbəbdən həm istehsalçılar, həm nəzarət orqanları, həm də istehlakçılar qida təhlükəsizliyinə dair məsuliyyəti bölüşməlidir.
Hazırda dünyada hər il təxminən 600 milyon insan təhlükəli qida istehlakı səbəbindən müxtəlif xəstəliklərə yoluxur. Bu statistika göstərir ki, təhlükəsiz və keyfiyyətli qida insan hüquqlarının və ictimai sağlamlığın ayrılmaz tərkib hissəsidir.