05 iyun

Dindirilmə marafonu: Şahramanyan niyə bu dəfə xilas ola bilməyəcək? - MƏQALƏ

Ermənistanın daxili siyasi həyatında təlatümlər davam edir. Bu yaxınlarda Erməni kilsəsinə qarşı müharibə elan edən Nikol Paşinyanın əsas hədəfi bütün rəqiblərini təmizləmək, 2026-cı il seçkilərində yenidən qalib gəlməkdir. Təsadüfi deyil ki, bu məqsədlə müxalifəti, kilsəni mübarizədən kənarlaşdırmaq üçün bir sıra planlar hazırlanıb. Hakim partiyanın iclasında 50 din xadiminə qarşı kompromatın toplanması da buna dəlalət edir.

Bununla yanaşı, baş nazir gözəl anlayır ki, ölkədə olan Qarabağ klanı və separatçı rejimin tör-töküntüləri ilə haqq-hesab çürütmək, onları həbsə atmaq, susdurmaq da seçki ərəfəsində kifayət qədər vacibdir. Çünki Qarabağ ermənilərinin böyük əksəriyyətinin Ermənistan vətəndaşı olması, artıq bir neçə min şəxsə vətəndaşlıq verilməsi də seçici sayına və səslərə təsir edə bilər. Özünü qondarma qurumun prezidenti sayan Samvel Şahramanyanla Paşinyanın ulduzu uzun müddətdir barışmır. Ötən il Samvelin avtomobilini həbsə salan, dəfələrlə istintaqa çağırtdırıb dindirən baş nazir bu dəfə daha qərarlı görünür. Hadisələrin gedişatı onu göstərir ki, Nikol bu dəfə Şahramanyanı dəmir barmaqlıqlar arxasına salacaq.

Bu yaxınlarda məlum olub ki, Şahramanyan “hərbi qulluqçunun xidməti səhlənkarlığı”, “döyüş vasitələrini düşmənə vermə və ya tərk etmə” maddələri ilə başlanmış cinayət işi çərçivəsində dindirilib. Onunla yanaşı, separatçı rejimin polkovniki də müstəntiqlərin sorğu-sualına tuş gəlib. Son bir ay ərzində Şahramanyanın intensiv şəkildə hüquq-mühafizə orqanları tərəfindən dindirilməyə çağırılması, 5-6 dəfə prosessual şahid statusunda istintaq orqanında olması bir sıra mətləblərdən xəbər verir. Məsələ burasındadır ki, Qarabağı Azərbaycanın ayrılmaz bir hissəsi kimi tanıyan Nikol Paşinyanın Samvel Şahramanyanı separatçı kimi yox, yuxarıda sadalanan maddələrlə ittihama cəlb etdirməsi birinci olaraq, beynəlxalq qanunların pozulmasıdır. Çünki əgər bir cinayət Azərbaycan ərazisində işlənibsə, o cinayət Azərbaycan qanunları çərçivəsində Azərbaycan məhkəmələrində araşdırılmalıdır. İkincisi, Samvel Şahramanyan Azərbaycan ərazisində separatçılıqla məşğul olub və bu gün onun əziz-xələfləri Bakı məhkəməsində dindirilir. Əgər Ermənistanda Samvel separatçılığa görə yox, məhz “döyüş vasitələrini düşmənə vermə və ya tərk etmə”, “hərbi qulluqçunun xidməti səhlənkarlığı” maddələri ilə ittiham edilirsə, bu, birbaşa Ermənistanın separatizmi dəstəkləmə faktını ortaya qoyur. Eyni zamanda, 2020-ci ilin 9 noyabr tarixində imzalanmış üçtərəfli bəyanata da ziddir. Çünki Şahramanyan 2023-cü il hadisələrinə görə dindirilir və bu da bir daha sübut edir ki, Ermənistan hökuməti 2023-cü ilə qədər Qarabağda ordu saxlayıb və maliyyələşdirib. Eyni zamanda separatçı qurumun qondarma müdafiə naziri Samvel Babayanın da dindirilməsi sübut edir ki, erməni hökumətini məhz ordu və silahların təhvil verilməsi maraqlandırır. Bu faktların üzə çıxması isə Ermənistanın, xüsusən də baş nazir Nikol Paşinyanın hələ də revanşizmlə nəfəs aldığını, bu məqsədlə sülh müqaviləsini imzalamağı, ATƏT-in Minsk qrupunun buraxılması kimi işləri yubatdığını ortaya qoyur. Ayda bir dəfə açıqlama verərək “Sülh müqaviləsini imzalamağa hazırıq, Konstitusiyaya dəyişiklik olacaq” deməklə prosesi uzatmaq, kreslosunu möhkəmlətmək nəzərdə tutulur.

Hikmət Həsənov

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.