İlon Mask Trampın planını tənqid etdi

İlon Mask Trampın büdcə planını tənqid etdi: “Borcu artırmaq çıxış yolu deyil”
Tanınmış amerikalı sahibkar, “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask ABŞ-nin Donald Trampın təqdim etdiyi federal büdcə layihəsini sərt tənqid edib.
Mask “X” sosial şəbəkəsindəki paylaşımında bildirib ki, bu layihə dövlət borcunun əhəmiyyətli dərəcədə artmasına gətirib çıxaracaq:
“Yeni büdcə layihəsinə ehtiyac var. Bu sənəd dövlət borcunun böyük həcmdə artımını nəzərdə tutmamalıdır”.
Tramp isə öz növbəsində Truth Social platformasında çıxış edərək, dövlət borcuna qoyulan məhdudiyyətin, yəni “borc tavanı”nın tamamilə ləğv olunmasını təklif edib.
O qeyd edib ki, bu addım ölkəni mümkün iqtisadi şoklardan qorumağa kömək edə bilər.
Maraqlıdır ki, Tramp bu məsələdə uzun müddətdir siyasi rəqibi olan senator Elizabet Uorrenlə eyni fikirdə olduğunu bildirib. Hər iki siyasətçi dövlət borcu limitinin aradan qaldırılmasının vacibliyini vurğulayır.
Hazırda ABŞ-də borc limiti məsələsi növbəti siyasi və iqtisadi mübahisələrin mərkəzinə çevrilib və bu fonda Maskın çağırışı da yeni debatlara təkan verə bilər.