Ukrayna müharibə dövründə 100 min hərbçisini və 13 minə yaxın mülki vətəndaşını itirib

Ukrayna Rusiya ilə müharibə zamanı təxminən 100 min hərbçisini və 13 minə yaxın mülki vətəndaşını itirib. Həlak olanlar arasında 600-dən çox uşaq da var. Təhlil.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski CBS News telekanalına verdiyi müsahibədə bildirib.
O bildirib ki, Rusiya qüvvələri təhsil müəssisələrinə 1700-dən çox, tibb ocaqlarına isə 780 dəfə hücum edib.
“Xalqımız ən yüksək qiyməti ödəyir. Biz hər şeyi verdik — həm maliyyə resurslarımızı, həm də ən dəhşətlisi, xalqımızın həyatını,” - deyə Zelenski vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidenti Üçüncü Dünya Müharibəsi təhlükəsinin real olduğunu da bəyan etmişdi. O xəbərdarlıq edib ki, əgər Rusiya Prezidenti Vladimir Putin dayandırılmasa, müharibə qlobal qarşıdurmaya çevrilə bilər və bu zaman “dünyada təhlükəsiz yer qalmayacaq.”
Bundan əlavə, Zelenski Donald Trampı Ukraynaya səfərə dəvət edib, ona “sülh planını” irəli sürməzdən əvvəl vəziyyəti yerində görməyi tövsiyə edib. Onun fikrincə, yalnız Ukraynada baş verənləri şəxsən görərək Tramp, kimlə danışıqlar aparmaq istədiyini anlaya bilər.