14 aprel

Korrupsiyanı ifşa edənlərə qarşı təzyiqlər qadağan edildi — Qanuna dəyişiklik

Prezident İlham Əliyev “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Təhlil.az xəbər verir ki, bu dəyişikliklərə əsasən, korrupsiya ilə bağlı hüquq pozuntuları barədə məlumat verən şəxslərə və onların yaxın qohumlarına qarşı aşağıdakılar qadağan olunur:

• Hədə-qorxu gəlmək

• Təzyiq göstərmək

• Maddi və mənəvi ziyan vurmaq

• Təhqir etmək və təhdid etmək

• Şərəf və ləyaqəti alçaltmaq

Bundan sonra korrupsiya faktları barədə məlumat verən işçilərə qarşı aşağıdakı cəza tədbirləri tətbiq oluna bilməz:

• İntizam tədbirləri

• Əmək müqaviləsinin ləğvi

• Vəzifədən azad etmə

• Digər vəzifəyə keçirmə

• Maaşdan qanunsuz tutulmalar

• Karyera yüksəlişinə və ya mükafatlandırmaya süni əngəllər

• Mənfi rəy və digər birbaşa və ya dolayı təzyiq üsulları

Eyni zamanda, rəhbərlər bu tələblərin müvafiq təşkilat daxilində icrasını təmin etməlidir. Bu maddənin tələblərinin pozulması hüquqi məsuliyyətə səbəb olacaq. Əgər şəxs qanunla qadağan olunmuş bu hərəkətlərə məruz qaldığını iddia edirsə, yuxarı instansiya vəzifəli şəxsə və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpasını tələb edə bilər.