Yük avtomobili minik avtomobilinin üzərinə aşdı: ölən və yaralanan var

Bakı–Quba avtomobil yolunda baş verən ağır yol-nəqliyyat hadisəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.
Təhlil.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (DYP) məlumat yayıb.
Məlumata görə, hadisə bu gün saat 12:05 radələrində yolun 13,5-ci kilometrliyində baş verib.
Belə ki, 01-CN-479 dövlət qeydiyyat nişanlı “Scania” markalı yük avtomobili ayırıcı sədlə toqquşduqdan sonra qarşı hərəkət zolağına çıxaraq 99-PK-293 dövlət qeydiyyat nişanlı “Ravon” markalı minik avtomobilinin üzərinə aşıb.
İlkin məlumata görə, minik avtomobilində olan bir nəfər hadisə yerində həyatını itirib, digər şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
İdarə bildirib ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi yük avtomobili sürücülərinin sürət həddinə, ara məsafəsinə, ötmə və manevretmə qaydalarına məhəl qoymaması, eləcə də yol və hava şəraitini düzgün qiymətləndirmədən hərəkəti davam etdirməsi yolverilməzdir.
DYP-nin açıqlamasında vurğulanıb ki, ağırtonnajlı nəqliyyat vasitəsinin sükanı arxasında məsuliyyətsiz davranış digər hərəkət iştirakçılarının həyatını birbaşa təhlükəyə atır. İdarə bir sürücünün səhlənkarlığının insanların ölümü və ağır xəsarət alması ilə nəticələnməsinin qəbul edilə bilməyəcəyini bildirib.
DYP həmçinin digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan yük avtomobili sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlərin daha da sərtləşdiriləcəyini açıqlayıb. Kobud qayda pozuntularına yol verən şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək.