İsrail ilə Türkiyənin toqquşma təhlükəsi, Azərbaycan və NATO-nun reaksiyası - TƏHLİL

Şərqi Aralıq dənizi, Yaxın Şərq və Cənubi Qafqaz regionları mürəkkəb və çoxqütblü geosiyasi yenidənqurma mərhələsinə qədəm qoyur. İsrail və Yunanıstan arasında imzalanan 4 milyard avroluq “Axilles qalxanı” hərbi sazişi sadəcə hərbi ticarət müqaviləsi deyil; bu, Şərqi Aralıq dənizində Ankaraya dənizdən və havadan blokada yaratmaq cəhdidir. İsrail analitikləri açıq şəkildə bildirirlər ki, Türkiyə artıq İsrail üçün İrandan daha böyük regional təhdidə çevrilir.
İsrail Türkiyə kimi NATO-nun ən böyük quru qoşunlarına, inkişaf etmiş hərbi sənaye kompleksinə və pilotsuz uçuş aparatları (PUA) üstünlüyünə malik bir ölkə ilə təkbətək hərbi münaqişənin kritik fəsadlar doğuracağını anlayır. Bu səbəbdən Təl-Əviv Ankaraya qarşı “Çoxşaxəli Anti-Türkiyə Şəbəkəsi” qurur:
- Yunanıstan və Cənubi Kipr oxu: Yunanıstana veriləcək David’s Sling, SPYDER və BARAK MX HHM kompleksləri Egey dənizindəki adalarda yerləşdirildikdə, Türkiyənin Egey və Aralıq dənizi üzərindəki hava üstünlüyünü azaltmağı hədəfləyir.
- Suriya və kürd amili: Suriya İsrail və Türkiyənin birbaşa qarşı-qarşıya gələ biləcəyi ən real məkandır. İsrail üçün Suriyadakı PYD/YPG kimi kürd birləşmələri Türkiyənin cənub sərhədlərində diqqətini yayındıran ideal proksi (vasitəçi) qüvvədir.
- Cənubi Qafqaz və Şuşa Bəyannaməsi əngəli: İsrail regional blokadasını genişləndirmək üçün Ermənistanla diplomatik yaxınlaşmaya cəhd edir. Lakin İrəvan Təl-Əviv-Bakı strateji-hərbi tərəfdaşlığının tarixi dərinliyini bildiyi üçün bu təkliflərə ehtiyatla yanaşır və İsrailin “istifadə edilib kənara atılacaq” bir vasitəsinə çevrilməkdən çəkinir. Burada ən böyük geosiyasi maneə isə Şuşa Bəyannaməsi ilə rəsmiləşən Azərbaycan-Türkiyə hərbi-strateji ittifaqıdır. Şuşa Bəyannaməsinə əsasən, üçüncü bir dövlət Türkiyə və ya Azərbaycana təcavüz edərsə, tərəflər bir-birinə hərbi yardım göstərmək öhdəliyi götürür. İsrail uzun illərdir Azərbaycanın əsas hərbi-texniki tərəfdaşlarından biridir. Lakin Türkiyə ilə İsrail arasında eskalasiya yaranarsa, Şuşa Bəyannaməsi Bakını avtomatik olaraq Ankaraya hərbi və diplomatik dəstək verməyə sövq edir. Bu da İsrailin Cənubi Qafqazdakı strateji mövqelərini və Bakı ilə münasibətlərini tamamilə itirməsi riskini yaradır.
Əgər Suriya ərazisində İsrail aviasiyası və ya HHM sistemləri Türkiyə Silahlı Qüvvələrinin kontingentinə birbaşa zərbə endirərsə, NATO necə reaksiya verəcək? 5-ci maddə aktivləşə bilərmi? NATO Müqaviləsinin 6-cı maddəsinə əsasən, 5-ci maddə yalnız üzv ölkələrin Avropa və Şimali Amerikadakı suveren ərazilərinə, həmçinin Aralıq dənizindəki qüvvələrinə hücum edildikdə tətbiq olunur. Türkiyə ordusunun Suriya ərazisindəki varlığı suveren NATO ərazisi sayılmır. 2020-ci ildə İdlibdə türk əsgərlərinin zərbəyə məruz qalması zamanı da NATO yalnız 4-cü maddə çərçivəsində siyasi bəyanatlarla kifayətlənmişdi. 5-ci maddə yalnız İsrail doğrudan da Türkiyənin öz suveren ərazisinə birbaşa raket zərbəsi endirəcəyi təqdirdə gündəmə gələ bilər.
İsrail və Türkiyə arasında baş verəcək birbaşa hərbi toqquşma Vaşinqton xarici siyasətinin ən böyük kabusudur. İsrail ABŞ-nin “NATO-dan kənar əsas müttəfiqi”dir. Konqresdəki güclü lobbi ABŞ-nin İsraili tamamilə tək qoymasını mümkünsüz edir. Türkiyə NATO-nun 2-ci ən böyük ordusudur və Qara dəniz boğazlarına nəzarət edir. Türkiyəyə qarşı İsrailin tərəfini tutmaq — Ankaranı tamamilə Çin-Rusiya axınına və BRICS blokuna keçid deməkdir.
ABŞ Türkiyəyə qarşı hərbi əməliyyatda iştirak etməyəcək. Əvəzində Vaşinqton “Aqressiv Vasitəçi” rolunu göstərərək, hər iki tərəfə diplomatik və iqtisadi təzyiqlərlə onları dərhal atəşkəsə məcbur etməyə çalışacaq.
“Axilles qalxanı” müqaviləsi Şərqi Aralıq dənizində yeni bir müharibə oxunun yarandığını göstərir. Lakin İsrailin Ankaraya qarşı bu həmlələri yalnız NATO daxilində çat yaratmır, həm də Şuşa Bəyannaməsi kimi regional hərbi paktlar səbəbindən Cənubi Qafqazın da daxil olduğu daha geniş bir coğrafiyada güclər balansını kökündən dəyişmək potensialı daşıyır. Buna görə də yaxın gələcəkdə İsrailin Türkiyə ilə hərbi toqquşması ehtimalı çox az görünür, lakin İsrail dayanmadan özünə Türkiyəyə qarşı tərəfdaş cəlb etməkdə davam edir. Türkiyə də öz növbəsində yarana biləcək mümkün təhdidlərdən özünü sığortalamaq üçün müəyyən addımlar atmağa davam edəcək.
Azadxan Axundov