14 aprel

Rekord nəticə: 48 saata 31000 müraciət

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə keçiriləcək Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-in könüllü proqramına qeydiyyat mərhələsi rekord nəticə ilə yekunlaşıb.

Təhlil.az xəbər verir ki, cəmi 48 saat ərzində 31,000-dən çox müraciətin daxil olması Azərbaycan Qran Prisi tarixində ən yüksək göstərici kimi qeydə alınıb. Müqayisə üçün qeyd edək ki, ötən il bu rəqəm 16,000 idi.

İlkin qeydiyyat artıq başa çatıb.

Seçim zamanı motivasiyalı, ünsiyyət bacarığı və komanda ilə işləmə qabiliyyəti yüksək olan namizədlərə üstünlük veriləcək.

Formula 1 könüllüsü olmaq nə qazandırır?
- Avto idmanı sahəsinin peşəkarları ilə bir arada olmaq, yeni dostlar qazanmaq
- Komanda təcrübəsi əldə etmək və şəxsi inkişaf üçün unikal imkanlar
- Formula 1 həyəcanını yaxından hiss etmək və beynəlxalq tədbirin bir parçası olmaq
- BCC Akademiyanın təşkil etdiyi müxtəlif təlimlərdə iştirak etmək

Qeyd edək ki, ötən il 2000 könüllü Formula 1 Azərbaycan Qran Prisinin təşkilində yaxından iştirak edib.