Azərbaycan BMT-nin yüksəksəviyyəli iclasında təmsil olunacaq

İyulun 16-17-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Yeni Şəhər Gündəliyinin həyata keçirilməsinin 10 illik nəticələrinə həsr olunan BMT Baş Assambleyasının yüksəksəviyyəli iclası keçiriləcək.
Təhlil.az xəbər verir ki, bu barədə məlumatı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yayıb.
Bildirilib ki, bu ilin may ayında Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) yekununda qəbul olunan “Bakı Fəaliyyətə Çağırış” sənədi Yeni Şəhər Gündəliyinin gələcək icrası üzrə əsas prioritetləri müəyyən edib. Həmin müzakirələrin Nyu-Yorkda təşkil olunacaq yüksəksəviyyəli iclasda davam etdirilməsi nəzərdə tutulur.
Məlumata görə, BMT-yə üzv dövlətlər Yeni Şəhər Gündəliyinin həyata keçirilməsi istiqamətində növbəti addımları, eləcə də 2036-cı ilədək dayanıqlı urbanizasiya sahəsində qlobal prioritetləri müzakirə edəcəklər.
Azərbaycan nümayəndə heyəti iclasda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin rəhbərliyi ilə təmsil olunacaq.
Qeyd edilib ki, BMT Baş Assambleyasının yüksəksəviyyəli iclası UN Web TV platforması vasitəsilə canlı yayımlanacaq.