Ankarada NATO sammiti keçirilir

Bu gün – iyulun 7-də Türkiyənin paytaxtı Ankarada NATO dövlət və hökumət başçılarının 36-cı zirvə toplantısı öz işinə başlayır. İki gün davam edəcək tədbir çərçivəsində Ankaradakı Prezident Kompleksi Alyansa üzv olan 32 ölkənin liderini, eləcə də minlərlə diplomat, jurnalist və forum iştirakçısını qəbul edəcək.
Təhlil.az xəbər verir ki, bu barədə “Anadolu” Agentliyi məlumat yayıb.
Sammitin gündəliyinə NATO-nun çəkindirmə və müdafiə potensialının gücləndirilməsi, Avroatlantik təhlükəsizlik, müdafiə xərcləri, Alyansın strateji inkişaf hədəfləri, həmçinin bir sıra aktual regional və qlobal təhlükəsizlik problemləri daxil edilib. Sammit çərçivəsində liderlərin ikitərəfli görüşləri və bir sıra əlaqəli tədbirlərin keçirilməsi də planlaşdırılır.
Forumun keçirilməsi üçün Ankarada təhlükəsizlik, logistika, rabitə və texnoloji infrastruktur daxil olmaqla bütün zəruri hazırlıq işləri başa çatdırılıb. Rəsmi nümayəndə heyətlərinin qəbulu üçün Əsənboğa, Ankara və Mürtəd hava limanlarından istifadə olunacaq.
Türkiyə və xarici KİV nümayəndələri üçün Prezident Milli Kitabxanasında Beynəlxalq Media Mərkəzi yaradılıb. Burada 1 800 iş yeri, 40 montaj otağı, 100-dən çox canlı yayım nöqtəsi və 11 mətbuat konfransı zalı fəaliyyət göstərir.