Bu gün

Vaşinqtonda silahlı hücum: İsrail səfirliyinin əməkdaşları güllələndi

ABŞ paytaxtı Vaşinqtonda yerləşən Paytaxt Yəhudi Muzeyinin qarşısında baş vermiş silahlı hücumda İsrail səfirliyinin iki əməkdaşı yaralanıb, hadisə yerində saxlanılan şübhəlinin şəxsiyyəti müəyyənləşdirilib.

Təhlil.az xəbər verir ki, Vaşinqton Polis Departamentinin rəisi Pamela Smit mətbuat konfransında bildirib ki, şübhəli şəxs 30 yaşlı Elias Rodriqezdir, o Çikaqo şəhərindən gəlib. Hücumdan əvvəl Rodriqezin muzey ətrafında dolaşdığı və hərəkətlərinin qeyri-adi olduğu müşahidə olunub.

İlkin araşdırmalara görə, Elias Rodriqez dörd nəfərlik qrupa yaxınlaşaraq tapança ilə iki nəfərə atəş açıb. Atəş açdıqdan sonra o, muzey binasına daxil olub, burada mühafizəçi tərəfindən zərərsizləşdirilərək saxlanılıb.

İsrailin ABŞ-dakı səfirliyi hadisəyə reaksiya verərək bildirib ki, yaralananlar səfirliyin əməkdaşları və nişanlı şəxslərdir. Hücumun motivi və şübhəlinin səfirlik əməkdaşları ilə hər hansı bağlantısı olub-olmadığı araşdırılır.

ABŞ hüquq-mühafizə orqanları məsələ ilə bağlı geniş istintaqa başlayıb. Hadisə Vaşinqtonda təhlükəsizlik məsələlərinin bir daha gündəmə gəlməsinə səbəb olub.