16 may

Azərbaycan qazı Albaniyada yeni dövr açır - TƏHLİL

Azərbaycanın mavi yanacağı artıq Avropada təkcə istilik yox, həm də strateji təhlükəsizlik sinoniminə çevrilir. Ukraynada müharibə uzandıqca, Brüssel masalarında əsas sual rus qazı olmadan necə yaşamaqdırsa, cavab  Azərbaycanın zəngin ehtiyatlarında və çevik diplomatiyasındadır.

Bu günlərdə Avropanın enerji xəritəsində Albaniya istiqamətində yeni bir cızıq çəkildi. Azərbaycanın təbii qazı Balkanların bu kiçik, lakin iddialı ölkəsinə doğru yola çıxmağa hazırlaşır. Korça şəhərinin qazlaşdırılması ilə başlayan bu əməkdaşlıq, sadəcə bir infrastruktur layihəsi deyil. Bu, Azərbaycanın Avropa ilə enerji bağlarını daha da sıxlaşdıran siyasi mesajdır.

Albaniya Baş naziri Edi Rama məsələyə olduqca strateji baxır. Açıq şəkildə deyir ki, Prezident İlham Əliyev onların ən böyük dostudur və bu layihə sadəcə boru xətti deyil, həm də gələcəyin təhlükəsizliyidir. “Nur layihəsi” adlanan bu təşəbbüs SOCAR-ın imzasını daşıyır və təkcə Korçanı deyil, Poqradets və Ersekəni də qazla tanış edəcək.

Gələn ildən Albaniya da Azərbaycan qazının fəal istifadəçiləri sırasına qoşulacaq. TAP boru xətti vasitəsilə ilk qaz axını planlaşdırılır. Əslində, bu hadisə həm də regionun enerji prioritetlərinin dəyişdiyini göstərir. Kömürlə nəfəs alan enerji sektoru qazla təmizlənir. Yəni Azərbaycan yalnız enerji deyil, ekoloji sabitlik da ixrac edir.

Bakı öz oyununu daha böyük masada oynayır. Azərbaycanın qazı artıq 10 Avropa ölkəsindədir, onlardan 8-i Avropa İttifaqına üzvdür. Brüssel daha çox qaz istəyir.  Azərbaycan isə haqlı olaraq infrastrukturun qurulmasının vacibliyini bildirir. Yəni təkcə almaq yox, həm də hazırlıqlı olmaq lazımdır.

2030-cu illər üçün planlar daha iddialıdır. Azərbaycanın küləyi və günəşi də Avropa bazarlarına doğru yönəlir. Bu məqsədlə imzalanmış Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan sazişi və “Yaşıl Enerji Dəhlizi” layihəsi Azərbaycanın enerjidən diplomatiyaya keçidinin daha bir sübutudur. Əgər sabah Avropa enerji müstəqilliyini elan edərsə, orada Bakının adı mütləq olacaq.

MTM Analitik Qrupu