15 may

Sülh istəyirik, amma necə? - ŞƏRH

İrəvan yenə sülhdən danışır.  Amma bu çağırışları real addımlardan çox reallıqla əlaqəsi olmayan bəyanatlara bənzəyir.  Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan Avropada çıxış edərək bildirdi ki, ölkəsi sülh sazişini imzalamağa hazırdır. Onun bu sözləri bəlkə də alqışlana bilərdi, əgər reallıqda məsələ bu qədər sadə olsaydı.

Azərbaycanın yanaşması isə sadə deyil, amma aydındır: kağız üzərində yox, reallıqda sülh. Bu da ilk növbədə səmimiyyət, ardınca isə hüquqi-siyasi öhdəliklər tələb edir. Ermənistanın Konstitusiyası isə hələ də Azərbaycanın ərazi bütövlüyünə qarşı maddələr saxlayırsa, hansı "sülh sənədindən" danışmaq olar? “Dərhal imzalayaq” deyib, arxa otaqda “biz hələ Qarabağı istəyirik” deməklə sülh olmur.

Rəsmi Bakı bu cür ikili oyunu haqlı olaraq qəbul etmir. Ermənistan konstitusiyasında 1990-cı ilin Müstəqillik Bəyannaməsinə istinad hələ də durursa, bu, birbaşa Azərbaycanın ərazi bütövlüyünə iddia deməkdir. Belə bir vəziyyətdə imzalanacaq istənilən sənəd nə sülh, nə də sabitlik gətirəcək – əksinə, növbəti “donmuş münaqişə” üçün zəmin yaradacaq.

Ermənistan rəhbərliyi sülh ritorikasını əsasən beynəlxalq auditoriya və daxili gərginliyi cilovlamaq üçün istifadə edir. Paşinyan hökuməti “sülhsevər görünmək” xətrinə tribunaları gəzərək "hazırıq" deyir, lakin öz cəmiyyətində radikal revanşist təzyiqləri neytrallaşdırmaq üçün bu bəyanatları qalxan kimi istifadə edir. Yəni, diplomatik görüntü ilə daxili təzyiq arasında kövrək balans qurmağa çalışır.

Amma bu balans uğrunda sərhədlərdə gərginlik yaradılır, atəşkəs pozulur, sonra da bütün bunlar “Azərbaycan təcavüz etdi” kimi təqdim olunur. Məqsəd beynəlxalq ictimaiyyətin diqqətini çəkmək, Qərbdən bəyanatlar almaq, Azərbaycanın haqlı mövqeyini şübhə altına salmaqdır.

Bu da o deməkdir ki, əgər  Ermənistanın sülh niyyəti varsa da, hələ də test mərhələsindədir. Bu “sınaq”da isə kağız üzərində bəyanatlar yox, əməli addımlar əsas götürülür.

Lakin bölgədə əsl və dayanıqlı sülh üçün real hüquqi-siyasi əsaslar lazımdır ki,  Azərbaycan bunu açıq şəkildə ortaya qoyur. Sülh yalnız qətiyyətli və konkret sənədlə mümkündür. Ermənistan isə hələ də sülhə “hazırıq” deyib, qapının arxasından kilid vurmaqla məşğuldur. Bu sülh ritorikası yox, siyasi performansdır.

Belə çıxır ki, regionda sülh yalnız sözlərdə yox, gerçəkdə də görünən günə qədər, rəsmi İrəvanın dedikləri nə Bakı, nə də bölgə üçün ciddi qəbul edilə bilməz.

TƏHLİL ANALİTİK QRUP