Sanksiyalar yumşalır, Suriya nəfəs alır - ŞƏRH

Yaxın Şərq yenidən qaynamağa başlayıb. Lakin bu dəfə səhnənin mərkəzində bomba səsi yox, diplomatik manevrlər dayanır. ABŞ-nin Suriyaya illərlə tətbiq etdiyi sərt iqtisadi sanksiyaların, o cümlədən məşhur “Sezar Qanunu”nun ləğvi artıq sadəcə iqtisadi qərar deyil. Bu, regionda dəyişən güc balansının, yeni ittifaqların və hətta ehtimal olunan “Suriya barışı”nın siqnalıdır.
Tramp administrasiyasının Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraa ilə görüş ərəfəsində bu qərarı açıqlaması, Vaşinqtonun sanksiyaları yüngülləşdirməsinin arxasında daha dərindən hesablanmış planın dayandığını göstərir. Əgər əvvəllər “sanksiyalarla boğmaq” əsas strategiya idisə, indi ABŞ “nəfəs verərək” Dəməşqi masaya çəkmək istəyir.
Əlbəttə, bu addım ilk növbədə humanitar fəlakətin qarşısını almaq məqsədi daşıyır. Sanksiyaların yaratdığı iqtisadi blokada nəticəsində ərzaq, dərman və enerji böhranı ilə üz-üzə qalan Suriya xalqı üçün bu, həyatla ölüm arasındakı incə sərhəddə bir nəfəslik fasilədir. Ancaq bu humanitar jestin arxasında gizlənən siyasi mesaj daha dərin və çoxqatlıdır.
Vaşinqton eyni zamanda bu addımla İran və Rusiyaya da açıq mesaj göndərir: “Suriya sizin müstəsna oyun meydanınız deyil”. ABŞ, Dəməşqlə birbaşa olmasa da, dolayı yollarla danışıqlar masasına qayıtmaq istədiyini nümayiş etdirir.
Digər tərəfdən, sanksiyaların qaldırılması Suriya rejiminə həm iqtisadi, həm də siyasi mənada bir nəfəslik şans verir. Beynəlxalq ticarətə qayıdış, Çin və ərəb ölkələri ilə əlaqələrin yenidən qurulması, rejimin daxili sabitliyə daha çox nəzarət etməsi ehtimalını artırır. Bu isə Suriya üçün sadəcə iqtisadi canlanma deyil, həm də beynəlxalq təcridin yarılması deməkdir.
Qısası, bu sanksiya ləğvi sadə qərar deyil. Bu, dəyişən Yaxın Şərq strategiyasının ilk addımıdır. ABŞ yenidən oyuna qayıdır. Dəməşq isə indi iki yol ayrıcında dayanır. Bu dəfə top Suriya meydanındadır.
TƏHLİL ANALİTİK QRUP