14 may

Tripolidə yeni döyüşlər: hava limanı bağlandı, məhbuslar qaçdı - VİDEO

Liviyanın paytaxtı Tripolidə yeni silahlı qarşıdurmalar baş verib.

Təhlil.az saytı xəbər verir ki, Milli Həmrəylik Hökumətinin qüvvələri Prezident Şurasının təhlükəsizlik xidməti ilə paytaxtın əsas inzibati binalarına nəzarət uğrunda döyüşür.

Sosial şəbəkələrdə yayılan görüntülərdə Liviyanın şərqində yerləşən Benqazidən Tripoliyə doğru hərəkət edən Liviya Milli Ordusunun zirehli texnikaları və canlı qüvvəsi görünür. Şəhərdə yenidən atışma səsləri eşidilir.

Polisin məlumatına görə, qarşıdurmalar zamanı Tripolinin şərqində yerləşən həbsxanalardan birindən çoxsaylı məhbus qaçıb. Qaçanların əksəriyyətinin ağır cinayətlərə görə məhkum olunduğu bildirilir.

Tripoli hava limanı fəaliyyətini dayandırıb, reyslər digər şəhərlərə yönləndirilib. Şəhərin ən azı üç bələdiyyəsində məktəblər bağlanıb, dərslər və imtahanlar təxirə salınıb.

Qeyd edək ki, toqquşmalar ötən gecə yüksək rütbəli bir vəzifəlinin, ordu briqadalarından birinin qərargahında qətlə yetirilməsindən sonra başlayıb.