14 may

Trampın səbri tükənir, Rusiyanı cəzalandırmağa hazırlaşır

ABŞ administrasiyasında Rusiya prezidenti Vladimir Putinə qarşı narazılıq artır.

Təhlil.az xəbər verir ki, amerikalı rəsmilər Moskvanın barışmaz mövqeyini Ukrayna müharibəsinin əsas maneəsi kimi qiymətləndirir.

Vaşinqton əvvəllər Ukrayna prezidenti Volodimir Zelenskinin “çətin tərəfdaş” olduğunu düşünürdüsə, indi əsas problemin məhz Putinin güzəştə getmək istəməməsi olduğu qənaətinə gəlib.

Analitiklərin fikrincə, Donald Trampın əsas hədəfi atəşkəsə nail olmaqdır. Bu, onun üçün siyasi irəliləyiş ola bilərdi. Lakin Rusiya tərəfi bütün təklifləri qətiyyətlə rədd edir. Bu isə Trampı narahat edir. 

Hazırda Tramp administrasiyası müharibənin uzanmasında Ukraynanı günahlandırmaqda çətinlik çəkir. Zelenski son həftələrdə əməkdaşlığa daha açıq mövqe nümayiş etdirir. Vaşinqtonla münasibətlər də yenidən istiləşib. Hətta ABŞ-Ukrayna arasında faydalı qazıntıların hasilatı ilə bağlı saziş də imzalanıb.

Tramp mayın 15-də Türkiyədə keçirilməsi gözlənilən Rusiya-Ukrayna danışıqlarına qatılmaq ehtimalını da dilə gətirib. Onun xüsusi nümayəndəsi qeyd edib ki, əgər tərəflər birbaşa dialoqa başlamazsa, ABŞ vasitəçilik prosesindən çəkilə bilər.

Analitiklər həmçinin qeyd edirlər ki, Moskva ümid edir ki, Tramp bu prosesdən bezəcək və ABŞ-nin Ukraynaya yardımı azalacaq. Putin zamanın öz lehinə işləyəcəyini düşünür. O, Trampın səbrini itirəcəyinə və ABŞ-nin yardımını dayandıracağına ümid edir.