İrandan ABŞ-yə nüvə təklifi

İran uranın zənginləşdirilməsi üzrə yeni format təklif edib.
Təhlil.az saytı xəbər verir ki, Tehran ərəb ölkələrinin iştirakı və ABŞ investisiyalarının cəlb olunması ilə birgə nüvə müəssisəsi yaratmaq istəyir.
Məlumata görə, bu təşəbbüs Vaşinqtonun Tehrandan nüvə proqramını dayandırmaq tələbini əvəzləyəcək alternativ variant kimi irəli sürülüb. İranın xarici işlər naziri Abbas Araqçi bu təklifi 11 may tarixində keçirilən danışıqlarda ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkofa təqdim edib.
Məlumata əsasən, İran uranı maksimum 3,67 faizlik səviyyəyə qədər zənginləşdirə bilər. Bu göstərici nüvə silahı istehsalı üçün tələb olunan həddən aşağıdır. Daha sonra zənginləşdirilmiş uran mülki məqsədlərlə istifadə olunmaq üçün digər ərəb ölkələrinə göndərilə bilər.
2015-ci ildə imzalanmış nüvə sazişindən fərqli olaraq, bu dəfə konsorsium çərçivəsində İranla yanaşı, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də prosesə cəlb oluna bilər. Bundan başqa, konsorsiumun fəaliyyətinə ABŞ nümayəndələrinin də birbaşa nəzarəti nəzərdə tutulur.
Analitiklərin fikrincə, bu təklif həm Tehranın nüvə proqramı ətrafında yaranan gərginliyi azaltmağa, həm də bölgədə daha geniş əməkdaşlıq formatına zəmin yaratmağa yönəlib.