Terrorun sonu, strategiyanın qələbəsi: PKK tarixə qovuşdu - MƏQALƏ

Yaxın Şərqin qanlı səhifələrindən biri bağlanır. Onilliklərdir Türkiyəni və regionu silkələyən, minlərlə insanın həyatına son qoyan PKK artıq yoxdur. Təşkilat özünü buraxdığını rəsmən elan edib. Bu, sadəcə bir terror qruplaşmasının sonu deyil. Bu, dövlətin səbrinin, strateji iradəsinin və texnoloji üstünlüyünün verdiyi nəticədir.
1978-dən başlayan bu qaranlıq yol, 1984-dən bəri isə minlərlə terror aktı, on minlərlə insan itkisi, milyonlarla köçkün, milyardlarla dollar ziyan. Amma bütün bunların sonunda PKK-nın iflası həm ideoloji, həm də əməliyyat baxımından təkcə Türkiyə üçün deyil, İraqdan Suriyaya, İrandan Avropaya qədər bu, yeni bir səhifənin başlanğıcıdır.
Birincisi Türkiyə sərhəd daxilində deyil, məhz sərhəddən kənarda Qəndildə, Suriyada, İraqın şimalında – PKK-nı sıxışdırdı. “Pençe”, “Zeytin Dalı”, “Barış Pınarı” kimi əməliyyatlarla PKK-nın illərlə “toxunulmaz” sayılan dağlıq mövqeləri yerlə-yeksan edildi.
İkincisi, Bayraktar TB2 və Akıncı kimi PUA-lar artıq PKK liderlərini dağ başında belə gizlənə bilməyəcəkləri bir reallığa saldı. Terroristlər üçün "gizlənəcək yer" anlayışı tarixə qarışdı.
Üçüncüsü, Xüsusilə Şərq və Cənub-Şərqi Anadolu bölgəsində kürd vətəndaşların PKK-ya yox, dövlətə dəstək verməsi təşkilatın sosial dayaqlarını çökdürdü. NATO daxilində Türkiyənin təhlükəsizlik narahatlıqlarının daha ciddi qəbul olunması, ABŞ və Aİ tərəfindən PKK-nın terror təşkilatı kimi tanınması, xarici dəstək yollarını bağladı. Ərdoğanın sərt, amma diplomatik tarazlığı qoruyan siyasəti nəticəsində Türkiyə PKK-nı təkcə güc ilə deyil, həm də beynəlxalq səviyyədə sıxışdırdı.
Bu, sadəcə bir qələbə deyil. Bu, yeni təhlükəsizlik arxitekturası, bölgədə yeni güc balansı, bağlanan yara və artıq manipulyasiya edilə bilməyən etnik kart deməkdir.
PKK-nın yoxluğu ilə təkcə Türkiyə deyil, İraq, Suriya və İran da yeni reallıqlarla üz-üzə qalır. Ərdoğan üçün bu, sadəcə təhlükəsizlik qələbəsi deyil. Bu, dövlətin “təhlükəsizlik və rifah” strategiyasının zirvəsi, milli texnoloji yüksəlişin və regional liderlik iddiasının təsdiqidir.
Bir sözlə PKK tarixə qovuşdu.
TƏHLİL ANALİTİK QRUP