Sülh deyib silaha sarılan Ermənistan: “Akash”ın hədəfi kimdir? - TƏHLİL

İrəvan bir əlində sülh bayrağı, o biri əlində isə “Akash” raketləri tutub. Bu nə qədər qəribə səslənsə də, reallıq budur. Ermənistan kağız üzərində sülhdən danışsa da, əməliyyatda tam əksini nümayiş etdirir.
Azərbaycanla münasibətlərin normallaşmasından bəhs edən Ermənistan rəsmiləri arxa planda Hindistanla 700 milyon dollarlıq silah müqaviləsi imzalayır, Fransa ilə hava hücumundan müdafiə sistemlərini dizayn edir, “gələcək münaqişə” üçün hərbi hazırlıq görür.
Ən son məlumatlara görə, Hindistan iyul ayında Ermənistana “Akash” zenit-raket komplekslərinin ikinci partiyasını göndərməyə hazırlaşır. Bu sistemlər qırıcılara, dronlara və qanadlı raketlərə qarşı nəzərdə tutulub.
Azərbaycan isə məsələni açıq şəkildə ortaya qoyur. Sülh istəyirsənsə, ərazi iddialarını dayandır, Minsk qrupunun xəyallarından əl çək. Amma görünən budur ki, İrəvan üçün sülh yalnız ritorikadır, əsas məqsəd isə revanş və gələcək toqquşmalara hazırlaşmaqdır.
Rusiyalı hərbi ekspert İqor Korotçenko da bu mənzərəni dəqiq ifadə edir. Ermənistan NATO standartlarına uyğun laylı hava müdafiə sistemi yaratmaqla Cənubi Qafqaz səmasında üstünlük əldə etmək istəyir. Ən təhlükəlisi isə odur ki, bu silahlanma Ermənistanın gələcək təxribat planlarını reallaşdırmaq üçün zəmin hazırlayır.
Ermənistan hakimiyyəti başa düşməlidir ki, nə Hindistanın “Akash” raketləri, nə də Fransanın texnologiyaları onu Azərbaycanın cavab tədbirlərindən qoruya bilər. Azərbaycan bu bölgədə sabitlik və sülh istəyir, amma heç bir təhdidi də cavabsız buraxmaq niyyətində deyil. Əgər İrəvan bu kursu davam etdirsə, Cənubi Qafqazda sabitliyi pozan tək oyunçunun kim olduğu daha aydın görünəcək və bu oyunçunun öz oyuncaqları ilə oynamaq şansı da çox davam etməyəcək.
TƏHLİL ANALİTİK QRUP