Yeni pandemiya təhlükəsi yaxındadır

ABŞ-nin Merilend Universitetinin İctimai Səhiyyə Məktəbinin alimləri son 20 ilin qlobal məlumatlarını təhlil edərək quş qripinin (H5N1) insanlara real təhlükə yarada biləcəyi barədə ciddi xəbərdarlıq ediblər.
Təhlil.az xəbər verir ki, alimlərin fikrincə H5N1 virusu təkcə quşlardan deyil, həm də pişiklər, inəklər və digər məməlilər arasında sürətlə yayılır. Virus artıq növlərarası keçidlər etməyə başlayıb, quşlardan pişiklərə, inəklərdən pişiklərə və pişiklərdən insanlara yoluxa bilir. Bu isə onun pandemiya potensialını artırır.
Ən çox risk altında olanlar isə pişiklərdir. Araşdırma zamanı 18 ölkədə 607 yoluxma halı qeydə alınıb və onların yarısı ölümcül nəticələnib. Virus pişik orqanizminə həm birbaşa yəni yoluxmuş quşların və ya çiy ətin yeyilməsi, həm də dolayı yollar - yoluxmuş inəklərin südü və digər məməlilərlə kontakt vasitəsilə keçə bilir.
Xəstəlik kəskin nevroloji simptomlarla, o cümlədən quduzluğa bənzər əlamətlərlə müşahidə olunur. Araşdırmanın müəllifləri vurğulayırlar ki, diaqnostika əksər hallarda yalnız ölüm halından sonra aparılır.
Mütəxəssislər xüsusilə ev heyvanları, kənd təsərrüfatı heyvanları və heyvan sığınacaqları üçün təhlükənin artdığını bildirir. Əgər virus gələcəkdə mutasiyaya uğrayaraq hava-damcı yolu ilə insandan insana keçməyə başlasa, bu, qlobal səhiyyə üçün ciddi problemə çevrilə bilər.