13 may

iPhone-ların qiyməti daha da bahalaşacaq

2025-ci ilin payızında təqdim olunacaq yeni iPhone modelləri daha bahalı ola bilər. 

Təhlil.az xəbər verir ki, Apple qiymət artımını ABŞ-Çin tarifləri ilə əlaqələndirmək istəmir və bu addım üçün ictimaiyyətə daha “cəlbedici” izah axtarır.

Şirkət qiymət artımını daha çox yeni funksiyalar və dizayn dəyişiklikləri ilə əsaslandırmağa çalışır. WSJ qeyd edir ki, yeni seriyaya ultranazik korpusda bir model də daxil olacaq. Bu modelin iPhone 16 Plus-un yerini tutacağı gözlənilir.

Apple ABŞ və Çin arasında ticarət gərginliyi başlamamışdan əvvəl iPhone istehsalının bir hissəsini Hindistana keçirmişdi. Lakin WSJ-nin mənbələrinin bildirdiyinə görə, Pro və Pro Max kimi yüksək gəlir gətirən modellər əsasən Çində yığılmağa davam edəcək. Hindistan bu modellərin kütləvi istehsalına hələlik hazır deyil. Apple bəzi istehsal xətlərini ABŞ-yə köçürməyi də nəzərdən keçirir, lakin bu proses illərlə vaxt tələb edə bilər.

Hazırda ABŞ-də iPhone modellərinin qiyməti 799 dollardan (iPhone 16) başlayır və 1199 dollara qədər (iPhone 16 Pro Max) yüksəlir.

Apple-ın baş direktoru Tim Kuk daha əvvəl bəyan etmişdi ki, ABŞ-Çin tarif savaşı şirkətə cari rübdə 900 milyon dollar əlavə xərcə başa gələcək. Növbəti rüblərdə bu xərclər daha da arta bilər.

Qeyd edək ki, mayın 12-də ABŞ və Çin qarşılıqlı gömrük rüsumlarının 90 gün müddətinə azaldılacağını elan ediblər. Lakin WSJ yazır ki, ABŞ-ın Çin telefonlarına tətbiq etdiyi 20%-lik tariflər hələ də qüvvədə qalır.

Xatırladaq ki, bundan əvvəl Apple şirkətinin 2025-ci ildə iPhone, iPad və Mac cihazlarının interfeysində köklü dəyişikliklər edəcəyi, həmçinin əməliyyat sistemlərinin görünüşünü də yeniləyəcəyi  ilə bağlı məlumatlar yayılmışdı.