06 may

Britaniya müharibəyə hazırlaşır

Birləşmiş Krallıq mümkün hərbi təcavüz halında fəaliyyət göstərəcək yenilənmiş “Milli Müdafiə Planı” üzərində işləyir.

Təhlil.az xəbər verir ki, plan ehtimal edilən hücumdan sonrakı ilk günlərdə hökumətin atmalı olduğu addımları müəyyən edəcək. Sənəddə fövqəladə vəziyyətə dair addımlar, Nazirlər Kabineti üzvləri və kral ailəsinin mühafizəsi üçün bunkerlər, ictimai yayımın davam etdirilməsi, strateji ehtiyatların toplanması kimi məsələlər əhatə olunacaq.

Gizli dosyenin dəqiq məzmunu ictimaiyyətə açıqlanmasa da, məlumdur ki, plan müxtəlif ssenariləri – adi və nüvə raketləri ilə hücum, həmçinin ilk dəfə olaraq kiberhücum ehtimalını da nəzərə alacaq. Qeyd olunur ki, hazırda aktual hesab edilən bu təhlükə 2005-ci ildə hazırlanmış əvvəlki planda ciddi şəkildə dəyərləndirilməmişdi.

Qeyd edək ki, bu planın hazırlanmasına səbəb kimi əsasən Rusiyadan gələn təcavüz ehtimalı göstərilir. Qəzet bir neçə dəfə vurğulayır ki, Britaniya hökuməti məhz Rusiyadan gələn real təhlükəni nəzərə alaraq, ölkənin müdafiə qabiliyyətini yenidən dəyərləndirməyə başlayıb.