Gürcüstana qatarla sərnişindaşımanın bərpası xəbəri DEZİNFORMASİYADIR! - ÖZƏL

Bakı-Tbilisi-Bakı marşrutu ilə sərnişindaşıma qatarının fəaliyyətinin mayın sonunda bərpa oluna biləcəyi barədə məlumatlar dezinformasiyadır.
Bunu Təhlil.az saytına ADY-nin İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Hacıyev bildirib.
Qurumdan bildirilib ki, koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarı ilə Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejimi tətbiq edilib və hazırda da davam edir.
ADY-nin sözçüsü onu da qeyd edib ki, qaydalara əsasən, Bakı-Tbilisi sərnişin qatarının fəaliyyəti bərpa edilərsə, o zaman qatarın fəaliyyəti və biletlərin satışı barədə ictimaiyyətə ən azı bir ay öncədən elan veriləcəkdir.
Xatırladaq ki, ötən gündən bir sıra media subyektlərində və sosial şəbəkələrdə Bakı-Tbilisi sərnişin qatarının mayın sonunda bərpa oluna biləcəyi barədə məlumatlar yayılır. Gürcüstan mediasına istinad olunaraq tirajlanan xəbərlərdə hətta tərəflər arasında bu istiqamətdə danışıqların davam etdiyi, ilk qatarın 26 may - Gürcüstanın Müstəqillik Günü və 28 may - Azərbaycanın Respublika Günü münasibətilə yola salınması barədə razılıq əldə edildiyi də iddia olunur.
Bundan öncə də Gürcüstan mediası Bakı-Tbilisi sərnişin qatarının mayın 1-də işə başlayacağı barədə də dezinformasiya yaymışdı.