01 may

Britaniyadan Azərbaycana rekord məbləğdə kredit zəmanəti

Böyük Britaniyadan Azərbaycana 5 milyard funt sterlinq dəyərində zəmanət: Enerji, nəqliyyat və infrastruktur layihələri üçün böyük dəstək

Böyük Britaniyanın İxrac Kreditlərini Zəmanətləmə Departamenti – UK Export Finance (UKEF) Azərbaycan üçün enerji, nəqliyyat və infrastruktur sahələrində prioritet layihələrə dəstək məqsədilə 5 milyard funt sterlinq məbləğində kredit zəmanəti təqdim edəcək.

Təhlil.az xəbər verir ki, bu barədə Londonda keçirilən Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyasının (MPK) 7-ci iclası çərçivəsində məlumat verilib.

Tədbirdə UKEF ilə AZPROMO arasında Anlaşma Memorandumu imzalanıb. Böyük Britaniyanın kiçik biznes, xidmətlər və ixrac naziri Qaret Tomas Azərbaycanın mühüm tərəfdaş olduğunu bildirərək, yeni razılaşmaların ticarət, enerji, təhsil və infrastruktur sahələrində əlaqələri daha da gücləndirəcəyini qeyd edib.

Azərbaycan tərəfdən MPK-nın həmsədri, energetika naziri Pərviz Şahbazov Böyük Britaniyanın Azərbaycanın iqtisadiyyatına 37 milyard ABŞ dollarından çox sərmayə qoyduğunu vurğulayıb.

Hazırda Azərbaycanda 500-dən çox britaniyalı şirkət fəaliyyət göstərir. Xüsusilə BP şirkətinin həm neft-qaz, həm də "yaşıl enerji" təşəbbüslərində rolu xüsusi vurğulanıb.

2025-ci ildə Cəbrayılda yerləşəcək "Şəfəq" Günəş Elektrik Stansiyasının tikinti işlərinə başlanacaq.

İclasda enerji keçidi, iqtisadi mühitin modernləşdirilməsi, nəqliyyat, tekstil, su resurslarının idarə olunması, rəqəmsal tikinti, aviasiya və mina təmizləmə sahələri üzrə də əməkdaşlıq razılaşdırılıb.

Tərəflər Ələt Azad İqtisadi Zonası da daxil olmaqla sənaye parkları ilə əlaqələrin gücləndirilməsinə və ixrac prosedurlarının sadələşdirilməsinə xüsusi önəm veriblər.

Qeyd edək ki, növbəti MPK iclası 2026-cı ildə Bakıda keçiriləcək.