Azərbaycan "Şərq-Qərb" dəhlizində yeni strateji rola hazırlaşır

Azərbaycan Çin, Qırğızıstan və Özbəkistanın təşəbbüsü ilə həyata keçiriləcək nəhəng dəmir yolu layihəsinə qoşulmağa dəvət olunub.
Təhlil.az xəbər verir ki, bu barədə Qırğızıstanın dövlət dəmir yolları şirkətinin rəhbəri Azamat Sakiyev açıqlamasında deyib.
Onun sözlərinə görə, şərti adı “Çin-Qırğızıstan-Özbəkistan” (ÇQÖ) olan və ümumi dəyəri 4,7 milyard dolları aşan layihə yalnız regional deyil, həm də qlobal əhəmiyyət daşıyır. Yeni dəhliz Türkmənistan, Azərbaycan və Türkiyə vasitəsilə Avropaya çıxışı hədəfləyir və Azərbaycanın bu marşrutda mühüm tranzit ölkəyə çevrilməsi gözlənilir.
Layihənin ilkin mərhələsində illik yükdaşıma həcmi 5 milyon ton təşkil edəcək, növbəti illərdə bu rəqəmin 15 milyon tona çatdırılması planlaşdırılır. Çinlə Avropa arasında yüklərin cəmi 7 günə çatdırılması üçün yüksək sürətli qatarların istifadəsi də nəzərdə tutulub.
Hazırda marşrut üzrə infrastrukturun yaradılması mərhələsi başlayıb: Çin Kaşqardan Qırğızıstan sərhədinədək olan hissədə tikintiyə start verib, Qırğızıstanda isə 301 kilometrlik yolun inşası planlaşdırılır. Özbəkistan tərəfində isə lazımi infrastruktur artıq hazırdır.
Azamat Sakiyev qeyd edib ki, layihənin uğuru üçün tərəflər çevik tarif siyasəti üzərində razılığa gəlməlidir və bu məsələ hazırda Çin və digər ölkələrlə aktiv şəkildə müzakirə olunur.
Bu təşəbbüs Azərbaycanın regionda nəqliyyat-logistika qovşağı kimi mövqeyini daha da gücləndirə və beynəlxalq yükdaşımalarda iştirakını genişləndirə bilər.