25 aprel

BTQ xətti ilə ilk dəfə neft məhsulları 2025-ci ildə daşınacaq

"Azərbaycan Dəmir Yolları" QSC sədrinin müşaviri Emil Məmmədov Bakı Neft və Ticarət Forumunda çıxışı zamanı Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xətti ilə neft məhsullarının daşınmasına dair planları açıqlayıb.

Təhlil.az xəbər verir ki, daşınmalara 2025-ci ildən başlanacağı gözlənilir.

O bildirib ki, Azərbaycanın inkişaf etmiş neft infrastrukturu ölkəmizi regionun əsas neft hasilatı və ixracatçılarından birinə çevirib:

“Hazırda BTQ əsasən qeyri-neft yüklərinin daşınması üçün istifadə olunur. Lakin artıq bu xətt vasitəsilə neft məhsullarının daşınması məsələsi də ciddi şəkildə nəzərdən keçirilir”.

Məmmədov qeyd edib ki, bu məsələnin 95 faizi artıq həll olunub və tranzit daşımaların 2025-ci ilin sonuna qədər başlaması gözlənilir.

Qeyd edək ki, Bakı–Tbilisi–Qars dəmir yolunun illik yükaşırma qabiliyyəti 5 milyon ton təşkil edir.