Yeni dövr, köhnə problem: Su israfı hələ də həllini tapmayıb

2024-cü ildə ölkənin suvarma sistemlərində ciddi itkilər qeydə alınıb. Belə ki, 9 milyard 256 milyon kub metr sudan yalnız 6 milyard 710 milyon kub metri təsərrüfatlara çatdırılıb, 2,5 milyard kub metrə yaxın su isə israf edilib.
Təhlil.az xəbər verir ki, bu rəqəmləri Dövlət Su Ehtiyatları Agentliyinin nəzdində fəaliyyət göstərən Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov Milli Məclisin Aqrar siyasət komitəsinin təşkil etdiyi ictimai dinləmədə açıqlayıb.
Rəsmiyə görə, ölkədə 1 milyon 430 min hektar suvarma sahəsi mövcuddur. Onların 790 min hektarı öz axını ilə, 642 min hektarı isə nasoslarla suvarılır.
Hazırda su anbarlarında 18 milyard 760 milyon kub metr su ehtiyatı toplanıb ki, bu da ötən illə müqayisədə 576 milyon kub metr çoxdur. Bu il 1 milyon 524 min hektar ərazidə kənd təsərrüfatı bitkilərinin suvarılması planlaşdırılır.
Yeni hədəflər: 2040-a qədər su itkisi 20%-ə endirilməlidir
Milli su strategiyasına əsasən, 2030-cu ilə qədər su itkisi 30%-ə, 2040-cı ilə isə 20%-ə endirilməsi planlaşdırılır. Su təminatının isə müvafiq olaraq 2030-da 95%, 2040-da 100%-ə çatdırılması qarşıya məqsəd kimi qoyulub.
İşğaldan azad edilmiş ərazilərdə – Qarabağ və Şərqi Zəngəzurda isə təxminən 2 milyard kub metr həcmində yerli su resursu mövcuddur. Bu mənbələrin əsas üstünlüyü isə daxili ehtiyatlara əsaslanmasıdır.