Avropa Rusiya qazına qapıları bağlayır?

Avropa Komissiyası Rusiyadan gətirilən enerji daşıyıcılarına, xüsusilə də mayeləşdirilmiş təbii qazın (LNG) Avropa bazarında dövriyyəsini məhdudlaşdırmaq üçün hüquqi və iqtisadi yollar axtarır.
Təhlil.az xəbər verir ki, yüksək vəzifəli mənbənin açıqladığı məlumata əsasən, qurum Aİ şirkətlərinin Rusiya ilə yeni qaz müqavilələri imzalamasına mane olmaq üçün ticarət alətləri üzərində işləyir.
Eyni zamanda, Komissiya artıq qüvvədə olan müqavilələrin heç bir cərimə tətbiq edilmədən birtərəfli ləğvinə hüquqi imkanlar araşdırır.
Qeyd edilir ki, bəzi Aİ üzv ölkələrinin Rusiyaya qarşı qaz embarqosuna qarşı çıxması səbəbindən Komissiya sanksiyalar əvəzinə daha çevik və alternativ vasitələrlə Rusiyadan enerji asılılığını azaltmaq niyyətindədir.
Bu məqsədlə, mayın 6-da Avropanın Rusiya qazından asılılığını azaltmaq üçün hazırlanmış “yol xəritəsi”nin təqdim olunması planlaşdırılır. Həmin sənəddə Aİ-yə enerji baxımından minimum zərər verəcək, eyni zamanda Rusiya üçün iqtisadi cəhətdən ciddi nəticələr doğuracaq mexanizmlər öz əksini tapacaq.
Komissiyanın rəsmiləri Rusiyanın LNG qazının idxalına birbaşa qadağanın yeni sanksiyalar paketinə salınmasından imtina ediblər. Səbəb isə bəzi üzv ölkələrin bu qərarı bloklamaqla hədələməsidir.