"AYNA cərimə yığır, tıxac böyüyür" – Deputatdan sərt iradlar

Bakının küçə və prospektlərində gündən-günə artan tıxac problemi, xüsusilə avtobus və velosiped zolaqları ilə bağlı narazılıqlar deputatları da narahat edir.
Təhlil.az xəbər verir ki, deputat Arzuxan Əlizadə mətbuata açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyətinə ciddi irad bildirib. O deyib ki, paytaxtda xüsusilə Sabunçu rayonundan, eləcə də digər ərazilərdən ona bu qurumla bağlı tez-tez şikayətlər daxil olur.
“Avtobus zolaqları, onların yaratdığı tıxaclar, həmçinin sürücülərin qarşılaşdığı məcburi cərimələr ciddi narahatlıq doğurur. 9-cu mikrorayonda sakinlərin illərlə istifadə etdiyi piyada keçidi yalnız ‘iki maşınlıq yerə mane olur’ deyə ləğv edildi. Həmin ərazidə indi qəza hallarının sayı artıb,” – deyə deputat bildirib.
Arzuxan Əlizadənin sözlərinə görə, AYNA cərimə kəsən qurum olmaqdan çıxıb, problem həll edən orqana çevrilməlidir:
“Velosiped və skuter zolaqları müasir şəhər infrastrukturunun göstəricisidir, amma hər küçədə olmalı deyil. Tıxac problemini daha da dərinləşdirən addımlar atılır.”
O, həmçinin parklanma yerlərinin azlığı və mövcud yerlərin pullu olması ilə bağlı da narazılıqları səsləndirib:
“Yeni tikililər, obyektlər artır, amma pulsuz parklanma yerləri yoxdur. Sahibkarlar obyektlərinin qarşısında belə maşın saxlamağa icazə ala bilmirlər. Bu da birbaşa onların maliyyə itkisinə səbəb olur.”
Deputatın fikrincə, bu problemlərin kompleks şəkildə həlli, və vətəndaş məmnunluğunun təmin olunması əsas hədəf olmalıdır:
“Yol hərəkətinə nəzarət intellektual sistemlə həyata keçirilməlidir ki, insanlar haqsız yerə cərimə olunmasın”.