Rusiya "Qarabağ erməniləri kartı"ndan istifadə edir - ŞƏRH

Rusiya Humanitar Missiyası, “Avrasiya” QHT və “Rossotrudniçestvo” Ermənistanda yaşayan, Qarabağı könüllü tərk edən ermənilərə yardım kampaniyasına start verib. “Rusiya sizinlədir” adlandırılan layihə çərçivəsində 30 min erməniyə 140 ton humanitar yardım paylanılacaq. Məlumdur ki, “Rossotrudniçestvo” Kremlin maraqlarının təbliği ilə məşğul olur və əsasən postsovet məkanında fəaliyyət göstərir. Əsas məqsədi təbliğat olan bu təşkilat humanitar yardım adı altında çalışır və əsasən də Rusiya Müdafiə Nazirliyi, Baş Kəşfiyyat İdarəsindən göstərişlər alır. Maraqlıdır ki, bu qurumun adı casusluq qalmaqallarında dəfələrlə hallanıb və artıq bir sıra ölkələrdə arzuolunmaz təşkilat kimi tanınır.
Əgər Ermənistanın Rusiyaya qarşı addımlarını nəzərə alsaq, bu qurumun hansı humanitar missiyaya xidmət edəcəyini dərk edərik. Paralel olaraq isə 2026-cı ilin iyun ayında Ermənistanda çox gərgin parlament seçkiləri keçiriləcək. Sarkisyan və Köçəryan, Samvel Karapetyan planları baş tutmayan Kremlin bu yardım adı altında siyasi kampaniyaya hazırlaşdığı da ehtimal edilir. Qarabağı könüllü tərk edən ermənilər isə daim həm yerli, həm də xarici siyasi mərkəzlər üçün təzyiq rıçaqı rolunu oynayıb. Çox güman ki, bu dəfə də Moskva Qarabağ erməniləri vasitəsi ilə baş nazir Nikol Paşinyana təzyiq göstərmək niyyətindədir. Ehtimal etmək olar ki, “Rossotrudniçestvo”nun məqsədlərindən biri də baş nazirin komandasının əleyhinə çıxış edənlər üçün əlavə sosial baza hazırlamaq, bu məqsədlə Qarabağ ermənilərindən istifadə etməkdir. Eyni zamanda revanşistlərin də dəstəklənəcəyini gözləmək olar.
Digər tərəfdən, Rusiya Ermənistanda və erməni cəmiyyəti arasında kifayət qədər problemli imicə malik olduğunu anlayır və öz reputasiyasını belə kiçik humanitar proqramlarla dəyişməyə çalışır. Təbii ki, belə addımların Ermənistan-Rusiya obyektiv və subyektiv problemlərini həll edə və ya onların yumşaldılmasına töhfə verə biləcəyini düşünmək olmaz.
Hikmət Həsənov