BMT Əfqanıstanda aclıq çəkən uşaqların sayının kəskin artdığını bildirir

Əfqanıstanda uşaqlar arasında qidalanma problemi yaşayanların sayında ciddi artım müşahidə edilib. Təhlil.az xəbər verir ki, bu barədə CNN telekanalı BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) bəyanatına istinadən məlumat yayıb.
Təşkilatın hesablamalarına görə, ölkə əhalisinin dörddə biri - demək olar ki, 10 milyon insan kəskin ərzaq çatışmazlığından əziyyət çəkir. Əfqanıstanda hər üç uşaqdan biri xroniki qida çatışmazlığı səbəbindən inkişafdan qalır.
Qurum qeyd edib ki, vəziyyətin pisləşməsi son iki ildə humanitar ərzaq yardımının həcminin azalması ilə bağlıdır. Buna səbəb maliyyə dəstəyinin əhəmiyyətli dərəcədə azalması olub. Belə ki, bu ilin aprelində ABŞ prezidenti Donald Trampın administrasiyası dünyanın ən yoxsul ölkələrindən biri olan Əfqanıstana ərzaq tədarükünü tamamilə dayandırıb. Ərzaq təhlükəsizliyinin pisləşməsinin əlavə amili də qeyri-qanuni miqrant kimi tanınan əcnəbilərin deportasiyasının artdığı qonşu ölkələrdən əfqanların kütləvi şəkildə geri qayıtması olub.