Tramp miqrantları timsahlarla əhatə olunmuş ərazidə saxladacaq

ABŞ prezidenti Donald Tramp vəzifəsinin icrasına başlayan kimi ölkədəki qanunsuz miqrantlara qarşı genişmiqyaslı reydlərə start verilib. Yanvarın 28-də başlayan ilk reyd Nyu-York şəhərində baş tutub. Məlum olub ki, 200-dən çox şəxs saxlanılıb. Reydlər Trampın sərt deportasiya siyasətinin bərpası ilə bağlı seçkiqabağı vədinin bir hissəsidir. Həbslər zamanı biometrik məlumat bazalarından və sosial şəbəkələrin monitorinqindən istifadə edilib. Bu gün isə, yəni iyulun birində ABŞ prezidenti Donald Tramp timsahların olduğu bataqlıqlarla əhatə olunmuş miqrantların saxlanma mərkəzinin açılış mərasimində iştirak edəcək. Düşərgə Florida ştatındakı Everqleyds Milli Parkındadır. Mərkəz tərk edilmiş təlim aerodromunun yerində inşa edilib. Hətta yerli rəsmilər təcridxananı “Alliqator Alkatraz” adlandırırlar. Burada 5 min insanın saxlanılması nəzərdə tutulub.
Bu reydlər əslində ABŞ iqtisadiyyatına, xüsusən də Kaliforniya iqtisadiyyatına ciddi ziyan vurub. Los-Ancelesdə reydlərə qarşı aksiyalar azalsa da, problem olduğu kimi qalır. Son altı ay əslində şəhər üçün ciddi dövr sayılmalıdır. Söhbət yanğınlardan, güclü küləklərdən, büdcə problemlərindən, miqrantlara qarşı reydlərdən gedir. Los-Ancelesin ərazisi böyükdür və 4-5 rayonda etiraz aksiyaları keçirilib. Reydlər zamanı baş verən kütləvi həbslər bütün icmalara ciddi ziyan vurub. Unutmaq lazım deyil ki, kənd təsərrüfatı Kaliforniya ştatının iqtisadiyyatının vacib hissəsidir. Böyük əksəriyyəti miqrantlardan olan işçi sinfinin azalması aqrar sektora ciddi ziyan vurub. Eyni zamanda, ştat iqtisadiyyatının digər sahələrində də çalışan miqrantların payı kifayət qədər böyükdür və həbs olunaraq deportasiya edilənlərin sayı ciddi rəqəmlərlə ölçülür. Eyni zamanda Los-Anceles kimi iri bir şəhərin əhalisinin də ən azı 10 faizini miqrantlar təşkil edir. Bu şəxslərin kütləvi həbsi və deportasiyası iqtisadiyyata ciddi ziyan vurur. Şirkətlər, xüsusən də kənd təsərrüfatı sahəsi işçi çatışmazlığı ilə üzləşib. Bu da öz növbəsində ciddi ziyan və problem deməkdir.
Hikmət Həsənov