Bu gün

Erməni cəmiyyətində din-siyasət çəkişməsi dərinləşir - TƏHLİL

Ermənistanın baş naziri Nikol Paşinyan 2026-cı il seçki ərəfəsində həm kilsəyə, həm də Rusiyayönümlü kapitala qarşı “səlib yürüşü”nə start verib. Din xadimlərinin və Samvel Karapetyanın həbsi əslində bir çoxlarına siqnaldır. Bu hadisələr fonunda biznes nümayəndələri kapitallarını və canlarını qorumaq üçün hakim partiya ətrafında birləşəcək, müxalifət blokunu dəstəkləməkdən yayınacaq. Çünki belə bir addım onların da həbsi ilə nəticələnə bilər.

Bununla yanaşı, din xadimlərinin həbsindən sonra Nikol Paşinyan dayanmaq fikrində deyil. Erməni mediasının analizi göstərir ki, baş nazir hüquq-mühafizə təzyiqlərini davam etdirir, Apostol Kilsəsinə qarşı fəaliyyətin gücləndirilməsini tələb edir. Əslində Paşinyanın əsas məqsədi katalikos II Qareginin istefasına nail olmaqdır. Hökumət başçısının fikrinə görə, bir neçə din xadiminin həbsi Qareginə təsir edəcək və o, könüllü olaraq postunu təhvil verəcək. Amma hadisələrin gedişatı göstərir ki, II Qaregin heç də istefa vermək niyyətində deyil. O, bir sıra katalikoslara müraciət edib, dəstək istəyib. Eyni zamanda qeyd etmək lazımdır ki, erməni kilsəsinin əsas dəstəkçisi Rusiyadır və təsadüfi deyil ki, Rusiya XİN başçısı Sergey Lavrov açıqlamasında “Paşinyanın kilsəyə qarşı mübarizəsi” fikrini səsləndirib ki, bu da bir sıra mətləblərdən xəbər verir. Təbii ki, Ermənistan XİN bu açıqlamaya dərhal cavab verərək, bu məsələnin Ermənistanın daxili işi olduğunu açıqlayıb.

Paşinyanın Kilsəyə qarşı hərəkətləri isə erməni cəmiyyətində də birmənalı qarşılanmayıb. Sorğulara görə, ictimai rəydə Nikolun bu hərəkətləri qəbul edilmir və tənqid edilir. Bu səbəbdən də baş nazir qalanı içəridən fəth etmək niyyətini ortaya qoyub. Amma son hadisələrdən sonra məlum olub ki, kilsə digər qüvvələrlə Paşinyana qarşı birləşib. Bu, baş nazirin daha da qıcıqlanmasına səbəb olub. Hakim partiya və baş nazir isə əks-həmlə ilə kilsədə parçalanma yaradır, bu və ya digər səbəbdən katalikosdan incimiş din xadimlərini öz ətrafında birləşdirir. Artıq bir vaxtlar müxtəlif səbəblərə görə rütbəsi əlindən alınan 2-3 din xadimi tapılıb. Hazırda bu şəxslər katalikosu və yüksək rütbəli din xadimlərini gözdən salmaq üçün müxtəlif media orqanlarında, xüsusən də dövlət nəzarətində olan qurumlarda müxtəlif açıqlamalar verir. Qeyd etmək yerinə düşər ki, Ermənistanın İctimai TV-si də bu kampaniyaya qoşulub.

Paralel olaraq da kilsə daxilində katalikosa gizli nifrət bəsləyənlərin tapılması üçün göstəriş verilib. Bununla da daxili nifaq salmaq, Eçmiəzdini daxildən parçalamaq niyyəti güdülür. Təsadüfi deyil ki, baş nazir çıxışında “Erməni Apostol Kilsəsinin bütün evli keşişləri mənim qardaşlarımdır. Çünki onlar nə xalqı, nə də Allahı aldatmırlar” fikri də məhz buna hesablanıb. Maraqlıdır ki, bu çıxışdan sonra 2-3 evli keşiş açıqlama verərək, Paşinyanla qardaş olmadıqlarını, onun fikirlərini paylaşmadıqlarını bildiriblər. Bu, hadisələrin bu yaxınlarda daha gərgin mərhələyə qədəm qoyacağından xəbər verir.

Hikmət Həsənov

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?