21 may

Vyetnam “Azeri Light” neftini 2035-ə qədər almağa hazırlaşır

Vyetnamın dövlət enerji nəhəngi PetroVietnam qarşıdakı on il ərzində Azərbaycandan “Azeri Light” markalı xam neftin davamlı tədarükünü təmin etməyi planlaşdırır.

Təhlil.az xəbər verir ki, bu məqsədlə şirkətin emal bölməsi olan Binh Son Refining and Petrochemical (BSR) və Azərbaycanın Dövlət Neft Şirkəti SOCAR arasında 2 milyon barrel neftin tədarükü üzrə anlaşma memorandumu imzalanıb. 

Razılaşmaya əsasən, 2025-ci il iyulun 1-dən etibarən 2035-ci ilə qədər hər ay “Azeri Light” markalı neft Dung Quat neft emalı zavoduna göndəriləcək. Gücü 130 min barrel/gün olan bu zavod artıq 10 ildən çoxdur ki, Azərbaycan neftini emal edir. Ölkədə Bach Ho yatağında hasilatın azalması BSR-i idxalda alternativlər axtarmağa vadar edib və Azeri Light burada əsas seçimlərdən biri kimi önə çıxır. Bu növ neftin API sıxlığı 35,3°, kükürd tərkibi isə cəmi 0,21% təşkil edir ki, bu da onu emal üçün optimal və iqtisadi baxımdan sərfəli edir.

Bundan əvvəl SOCAR Trading şirkəti sözügedən zavoda 31 milyon barreldən artıq neft çatdırıb. Bu isə BSR-ə birbaşa alışlar sayəsində xərcləri azaltmağa şərait yaradıb. SOCAR yalnız “Azeri Light” deyil, həm də Bonny Light (Nigeriya), WTI Midland (ABŞ) və Murban (BƏƏ) markalı xam neftin də təchizatını təklif edir.

Hazırda Vyetnamın ən iri neft tədarükçüsü Küveyt olsa da (234 min b/g), “Azeri Light” yaxın illərdə Nigeriyanı arxada qoyaraq ikinci sıraya yüksəlmək potensialına malikdir.

SOCAR ilə imzalanmış yeni memorandum həm də Dung Quat zavodunun modernləşdirilməsi planlarına hazırlıq mərhələsi kimi qiymətləndirilir. Modernləşdirmənin 2028-ci ilə qədər başa çatdırılması nəzərdə tutulur. Bu proses zavodun daha geniş spektrli neft növlərini emal etməsinə imkan verəcək.