Azərbaycan Avropanın qapısını Türk dünyası üçün açır - TƏHLİL

Türk Dövlətləri Təşkilatının Budapeştdə keçirilən qeyri-rəsmi Zirvə görüşü sadəcə siyasi təqvimdə yer alan tədbir deyil. Bu, türkdilli dövlətlərin qlobal siyasi sistemdə yeni mövqe axtarışlarının əyani nümunəsi, Azərbaycanın isə bu proseslərdə mərkəz rolunu bir daha təsdiqləyən hadisə idi.
Prezident İlham Əliyevin Budapeştə səfəri fonunda ortaya çıxan mənzərə Azərbaycanın həm regional, həm də qlobal güc mərkəzləri ilə qurduğu çoxşaxəli siyasətin uğurlu davamı kimi oxunmalıdır. Bu zirvə təkcə türkdilli dövlətlərin ortaq tarix və mədəniyyət bağlarını xatırlatmaq deyil, həm də yeni dövrün tələb etdiyi strateji əməkdaşlıq modellərinin cızıldığı platformadır.
Ənənəvi türk birliyi anlayışı artıq siyasi ritorikadan çıxaraq real iqtisadi və təhlükəsizlik layihələrinə çevrilir. Bu mənzərədə Macarıstanın Avropa İttifaqının üzvü olan, lakin türk irsini siyasi platformaya daşımağa hazır bir dövlətin ev sahibliyi etməsi az məsələ deyil. Bu, həm TDT-nin Avropaya doğru açılmağa başladığını göstərir, həm də Azərbaycanın bu açılımın başlıca təşəbbüskarlarından biri olduğunu sübut edir.
Azərbaycanın enerji, nəqliyyat və “yaşıl keçid” layihələri üzrə Macarıstanla apardığı dialoq, əslində, Bakının Avropa ilə münasibətlərini yalnız karbohidrogenlər üzərində deyil, alternativ enerji və texnoloji keçidlər əsasında da qurmaq istədiyini göstərir. Söhbət sadəcə qaz nəqlindən getmir. Söhbət enerji təhlükəsizliyi ilə siyasi sabitlik arasında körpü qurmaqdan gedir. Məhz bu baxımdan Azərbaycan Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Dəhlizi kimi layihələrdə həm istehsalçı, həm ötürücü, həm də etibarlı tərəfdaş statusunu möhkəmləndirir.
Budapeşt Zirvəsinin əsas mahiyyəti də budur ki, Türk dövlətləri bir masa arxasında oturmaqla qalmır, həm də Avrasiya məkanında öz oyun qaydalarını yazmağa başlayır. Azərbaycanın bu oyunda liderlik etməsi isə təəccüblü deyil. Çünki Bakı artıq uzun illərdir yalnız region daxilində deyil, regionlar arasında balans yaradan, diplomatik və iqtisadi körpülər quran bir aktora çevrilib.
Əgər ötən illərdə Azərbaycan özünə “Şərqlə Qərb arasında körpü” deyirdisə, bu gün həmin körpüdən yalnız keçid üçün istifadə olunmur. İndi o körpünün hər iki ucunda da Bakı ilə əməkdaşlığa çalışan tərəfdaşlar sıralanır. Budapeşt isə bu tərəfdaşlığın coğrafiyasının nə qədər genişləndiyini göstərən siyasi vitrindir.
Təsadüfi deyil ki, Budapeşt Zirvəsində qəbul olunacaq sənədlərdən biri gələcək yol xəritəsi olacaq. Bu, sadəcə “niyyət protokolu” deyil. Bu, türkdilli dövlətlərin gələcək illərdə enerji, müdafiə, nəqliyyat və texnologiya sahələrində necə hərəkət edəcəyini müəyyənləşdirəcək sənəddir və həmin yolun əsas cizgilərini çəkənlərdən biri də məhz Azərbaycandır.
Beləliklə, Budapeşt bir daha göstərdi ki, Azərbaycan artıq Qafqazın mərkəzindən çıxaraq, Avrasiya oyun planının əsas arxitektorlarından birinə çevrilir. Bu prosesin arxasında yalnız təbii ehtiyatlar deyil, planlı diplomatiya, etibarlı tərəfdaşlıq və siyasi uzaqgörənlik dayanır.
MTM Analitik Qrupu