Qaz verilişi dayandırılır: ərazilər açıqlandı

20 may 2025-ci il tarixindən etibarən Bakı və bir neçə bölgədə qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.
Təhlil.az xəbər verir ki, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin məlumatına əsasən, Sabunçu rayonunun Nizami küçəsi, Ləhiş bağları, Maştağa qəsəbəsi, eləcə də Suraxanının Hövsan qəsəbəsində O.Şabanov, E.Qasımov, R.Abdullayev, F.Bayramov, H.Quliyev və digərlərinin sakinləri qazsız qalacaq. Bu ərazilərdə qaz fasiləsi 20 may saat 10:00-dan başlayacaq və işlər başa çatanadək davam edəcək.
Bundan başqa, Ələt-Astara dəmiryol xəttinin "Ələt-Osmanlı" hissəsində aparılan yenidənqurma işləri də qaz verilişini sıradan çıxaracaq. Bu səbəbdən Şirvan şəhərinin Bayramlı qəsəbəsində, M.Ə.Sabir və H.Cavid küçələrində yaşayan 522 abonentin qazı kəsiləcək.
Hacıqabul rayonunun Navahi qəsəbəsində də sınaq işləri aparılacaq. 250 mm-lik yeraltı qaz xəttində kiplik yoxlanacaq. Nəticədə, Navahi qəsəbəsi, Navahi kəndi və Pirsaat qəsəbəsində ümumilikdə 1 231 abonentə qaz verilişi müvəqqəti olaraq dayandırılacaq.
“Azəriqaz” vətəndaşlardan anlayışla yanaşmağı xahiş edir və qaz təchizatının bərpası barədə əlavə məlumat veriləcəyini bildirir. Təmir işlərinin daha təhlükəsiz və dayanıqlı qaz təchizatı üçün vacib olduğu vurğulanır.