İranın yeni səfiri: əməkdaşlıq mesajı, yoxsa simvolik jest? - TƏHLİL

Son illərdə İran-Azərbaycan münasibətləri təlatümlü bir mərhələdən keçdi. 2020-ci ildən sonra Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi, İsraillə əlaqələrinin sürətlə dərinləşməsi və Zəngəzur dəhlizi ilə bağlı sərt mövqeyi, Tehranı narahat edən əsas faktorlar oldu. İran isə, cavab olaraq, sərhədboyu hərbi təlimlər keçirdi, rəsmi ritorikanı sərtləşdirdi və ən pik nöqtədə Azərbaycanın Tehrandakı səfirliyinə qarşı baş verən terror aktı ilə iki ölkə arasında diplomatik əlaqələr demək olar ki, dondu.
İki qonşu dövlət arasında gərginliyin arxasında həm ideoloji, həm də geosiyasi ziddiyyətlər dayanırdı. İran rejimi Azərbaycanın İsraillə hərbi və kəşfiyyat əməkdaşlığını öz təhlükəsizliyi üçün təhdid kimi qəbul edir. Bununla yanaşı, Azərbaycan ərazilərində İranın dini-siyasi təsir imkanlarının zəifləməsi də Tehranda narahatlıq doğururdu. Bakı isə İranın bölgədə Ermənistanla yaxınlaşmasını və regiondakı balansı dəyişdirmək cəhdlərini diqqətlə izləyirdi.
Lakin 2024-cü ilin sonlarına doğru sular bir qədər durulmağa başladı. İki ölkə arasında diplomatik kanallar tədricən bərpa edildi. İran rəsmilərinin ardıcıl səfərləri, parlament və hökumət nümayəndələrinin təmasları, nəhayət, yol və şəhərsalma nazirinin Bakıya səfəri göstərdi ki, münasibətləri normallaşdırmaq üçün iradə var. Bütün bu prosesin davamı olaraq, Tehranın Azərbaycana yeni səfir təyin etməsi Müctəba Dəmirçili kimi Avrasiya üzrə ixtisaslaşmış bir diplomatın seçilməsi önəmli siqnal sayılmalıdır.
Bu təyinat Tehran-Bakı xəttində yeni səhifənin açılmasının mümkünlüyünə işarə edir. Yeni səfirin əsas vəzifəsi ilk növbədə, itirilmiş etimadı bərpa etmək, siyasi dialoqun davamlılığını təmin etmək və iqtisadi-mədəni əməkdaşlığı dirçəltmək olacaq. Xüsusilə İranın Azərbaycanın suverenliyinə hörmət etməsi və daxili işlərinə qarışmaması Bakının bu dialoqu davam etdirməkdə əsas şərtidir.
Azərbaycan tərəfi də açıq şəkildə bildirir ki, qonşularla düşmənçilik deyil, əməkdaşlıq istəyir. Lakin bu əməkdaşlığın səmimi və qarşılıqlı maraqlara əsaslanan formatda olması zəruridir. İranın Ermənistanla sıx əlaqələri və Zəngəzur dəhlizi məsələsindəki ritorikası isə Bakı üçün hələ də ciddi suallar doğurur. Bu baxımdan, qarşılıqlı anlaşmanın qurulması, xüsusilə Zəngəzur məsələsində ortaq məxrəc tapılması prosesin gələcəyini müəyyən edəcək əsas faktorlardan biridir.
Bununla belə, İran daxilində Azərbaycana qarşı sərt yanaşmanı müdafiə edən ideoloji dairələrin mövcudluğu bu yaxınlaşmanı hər an zədələyə bilər. Azərbaycan isə bu prosesi həssaslıqla izləyir və hər addımı milli maraqları çərçivəsində atır. Səfirin fəaliyyəti və iki ölkə arasında yeni qurulacaq dialoq mexanizmləri, münasibətlərin yalnız normallaşmasını deyil, həm də davamlı olmasını təmin edə bilər. Əgər bu mərhələ düzgün istiqamətdə irəliləsə, İran-Azərbaycan münasibətləri regionda sabitliyin və əməkdaşlığın vacib sütunlarından birinə çevrilə bilər.
MTM Analitik Qrupu