Bu gün

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur 

Bu gün – 9 Noyabr Azərbaycan Respublikasında Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Təhlil.az xəbər verir ki, bu əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzləri ilə bağlı qərarına əsaslanır.

Azərbaycanın üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib və həmin gün hökumət binası üzərində qaldırılıb. Bayraq 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Üç rəng və ay-ulduz simvolu isə milli kimliyi, müasirliyi və mənəvi dəyərləri ifadə edir.

Azərbaycanın müasir dövlətçiliyində üçrəngli bayrağın bərpası mərhələlərlə baş tutub. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasında keçirilən sessiyada bu bayraq dövlət rəmzi kimi təsdiqlənib. Ardınca Azərbaycan SSR Ali Soveti 1991-ci il fevralın 5-də “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək, onu yenidən dövlət rəmzi elan edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə 9 noyabr Dövlət Bayrağı Günü elan olunub və bu gün Əmək Məcəlləsinə əsasən qeyri-iş günü hesab olunur.

Bayraq ölkənin müstəqilliyini, milli kimliyini və xalqın birliyini təcəssüm etdirən ən ali rəmzlərdən biridir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, hər bir vətəndaş dövlət rəmzlərinə – bayrağa, gerbə və himnə hörmət etməlidir.

Dövlət bayrağı bu gün ölkənin bütün bölgələrində, dövlət idarələrinin, diplomatik nümayəndəliklərin, beynəlxalq tədbirlərin və idman yarışlarının arenasında dalğalanır. Bayraq Azərbaycan xalqının milli həmrəyliyinin, suverenliyinin və azadlıq iradəsinin simvoludur.

Prezident İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatı nəticəsində ölkəmizin suverenliyi tam bərpa edildi. Bu gün şanlı üçrəngli bayrağımız Xocalı, Əsgəran, Ağdərə, Xankəndi və digər azad edilmiş ərazilərdə qürurla dalğalanır.

Azərbaycan xalqı Dövlət Bayrağı Gününü bu il də böyük qürur və fərəh hissi ilə qeyd edir. Çünki bu bayraq artıq bütöv Azərbaycanın üzərində dalğalanır.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?