08 may

Paris yaddaşını itirib, ya tarixdən qaçır? - ŞƏRH

Fransada faşizm üzərində Qələbənin növbəti ildönümünü qeyd etdilər. Hər il olduğu kimi, yenə rəsmi tədbirlər, nitqlər, yad edilən qəhrəmanlar... Amma bu dəfə bir detal diqqətdən yayınmadı. Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva tədbirə dəvət olunmamışdı. Protokol səhvi? Yoxsa bilərəkdən atılmış bir addım?

Bu, sadəcə diplomatik soyuqluq deyil. Bu, həm də Azərbaycanın, daha doğrusu onun tarixdəki yerinin və töhfəsinin üzərindən xətt çəkmək cəhdidir. Paris artıq illərdir anti-Azərbaycan ritorikasından konkret hərəkət mərhələsinə keçib. Bu addımlar artıq beynəlxalq etikadan çox uzaq düşüb.

Fransanın azadlığı uğrunda can qoyan azərbaycanlılardan biri də Əhmədiyyə Cəbrayılov idi. Fransız müqavimət hərəkatının simalarından biri. “Armed Mişel” ləqəbi ilə tanınan bu azərbaycanlı partizan Vişi rejiminin və almanların qorxulu yuxusu olmuşdu. Almanların əlinə bir neçə dəfə keçsə də, o, hər dəfə qayıdıb mübarizəyə davam etmişdi.

Hətta 1966-cı ildə SSRİ-yə səfər edən Şarl de Qol onu şəxsən görmək istəmişdi. Bu, təkcə bir insanın deyil, bütöv bir xalqın göstərdiyi fədakarlığın etirafı idi.

İndi isə həmin xalqın səfiri yubiley tədbirinə çağırılmır. Qəribə deyilmi?

Azərbaycanın İkinci Dünya müharibəsində rolu yalnız ön cəbhədəki igidliklə bitmir. Əgər Bakı nefti olmasaydı, sovet tankları haradan hərəkətə keçəcəkdi? 600 mindən çox azərbaycanlı müharibəyə yollanıb, onların yarısı geri dönməyib. Bu rəqəmləri görməməzlikdən gəlmək, onların ruhuna qarşı sayğısızlıq göstərmək nə zamandan bəri “demokratik dəyər” sayılır?

Fransa özünü insan haqları və beynəlxalq ədalətin təmsilçisi kimi təqdim edir, amma iş Azərbaycanla bağlı olunca, bu prinsiplərin çoxu “müvəqqəti olaraq deaktiv edilir”.

Leyla Abdullayevanın tədbirə dəvət olunmaması təkcə protokol məsələsi deyil. Bu, ardıcıl şəkildə formalaşdırılmış bir xəttin davamıdır. Ermənistan-Azərbaycan münaqişəsindəki birtərəfli yanaşma, Azərbaycanın suverenliyini tanımaqda istəksizlik, Fransa şəhərlərində “qondarma nümayəndəliklərin” açılmasına yaşıl işıq – bunların hamısı eyni xəttin epizodlarıdır.

Bütün bu davranışlar Parisin artıq obyektiv vasitəçi obrazından çoxdan uzaqlaşdığını göstərir. Artıq Fransa nəinki regionda vasitəçi, heç tərəfdaş da sayıla bilməz.

Unutdurmağa çalışdığınız qəhrəmanlar, onların ailələri, ruhları bu gün sükutla da olsa sual verir: “Biz kim üçün döyüşdük?” Cavab çox bəsitdir – onlar azadlıq üçün vuruşdular. Sizin də, bizim də. Əgər bu gün o fədakarlıqları silmək istəyənlər varsa, bu, təkcə Azərbaycana deyil, Fransanın öz tarixinə qarşı hörmətsizlikdir.

Tarix, necə deyərlər, yaddaşı olan bir güzgüdür. Onun üstünə pərdə çəkə bilərsən, amma o güzgü orada qalacaq. Və bir gün pərdə çəkənlərin özləri həmin aynada necə göründüklərini görmək məcburiyyətində qalacaqlar.

TƏHLİL ANALİTİK QRUP