Vyetnam Azərbaycanın qapısını niyə döyür? - TƏHLİL

Azərbaycanla Vyetnam arasında münasibətlərin tarixi kökləri var, amma bu münasibətlər bu gün sadəcə keçmişin xatirəsinə görə deyil, gələcək üçün hesablanmış konkret maraqlara görə də canlanır. Hər iki ölkə fərqli qitələrdə yerləşsə də, onların bir-birinə verə biləcəyi çox şey var. Vyetnam Cənub-Şərqi Asiyanın ən sürətli inkişaf edən ölkələrindəndir. Azərbaycan isə Asiya ilə Avropanın arasında yerləşən mühüm nəqliyyat və enerji dəhlizlərinin oyunçusudur.
Prezident İlham Əliyevin “Vietnam News Agency”yə verdiyi müsahibədə səsləndirdiyi fikirlər də göstərir ki, Bakı ilə Hanoy artıq sadəcə rəsmi görüşlərlə kifayətlənmək istəmir. İki ölkə arasında iqtisadi-ticari əlaqələrin daha da dərinləşdirilməsi, qarşılıqlı investisiyalar və logistik əməkdaşlıq gündəmdədir. Burada əsas məqam ondan ibarətdir ki, Vyetnamın sürətlə inkişaf edən sənayesi üçün Avropa bazarlarına çıxış vacibdir. Azərbaycan isə bu yolun üzərində yerləşən əsas körpü ola bilər.
Bütün bu əməkdaşlığın fonunda unudulmamalıdır ki, bu əlaqələrin təməli illər öncə qoyulub. 1959-cu ildə Vyetnam lideri Ho Şi Min Bakıya gələndə bu, sadəcə bir səfər deyildi. Bu, həm də gələcək əməkdaşlığın mayası idi. Ardınca Ulu Öndər Heydər Əliyevin Hanoya səfəri və sovet dövründə Azərbaycanda təhsil alan minlərlə vyetnamlı mütəxəssis bu münasibətləri şəxsi bağlara çevirdi. İndi isə bu şəxsi bağlar konkret layihələrlə tamamlanır.
Vyetnam bu gün artıq dünya nəhənglərinin istehsal mərkəzlərindən biridir. Elektronika, tekstil, yüngül sənaye sahələrində sürətlə irəliləyir. Bu məhsulları Avropaya çıxarmaq üçünsə ona təhlükəsiz, sabit və əlverişli yollar lazımdır. Azərbaycan bu yollardan biri, bəlkə də ən əlverişlisidir.
Bütün bunlara əlavə olaraq yaşıl enerji, təhsil, turizm və mədəniyyət sahələrində əməkdaşlıq imkanları da var. Bu baxımdan Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri sadəcə bir rəsmi protokol hadisəsi deyil, əslində, iki ölkənin yeni mərhələyə qədəm qoyduğunun xəbərçisidir.
Yəni, burada məsələ təkcə dostluq şəkillərində və protokol nitqlərində deyil. Məsələ odur ki, hər iki ölkə öz maraqlarını real layihələrlə üst-üstə salmaq imkanına malikdir. Bunu bacaranlar isə gələcəkdə regionda və qlobal bazarda daha çox söz sahibi olacaqlar.
TƏHLİL ANALİTİK QRUP