Azərbaycan və Belarus: Yeni dövrün strateji müttəfiqləri - ŞƏRH

Belarusun Baş naziri Aleksandr Turçinin Bakıya səfəri yalnız iki ölkə arasında dostluq jesti deyildi. Bu, postsovet məkanında yeni geosiyasi reallıqlara cavab axtarışının bir göstəricisi, rəsmi Minsk ilə Bakı arasında getdikcə dərinləşən strateji tərəfdaşlığın tərifidir.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Belarusun Qarabağ münaqişəsində açıq şəkildə Azərbaycanın tərəfini tutması, Lukaşenkonun "Ermənistana neçə dəfə xəbərdarlıq etdik, amma qulaq asmadılar" tipli açıqlamaları rəsmi İrəvanı narahat etsə də, Bakının diqqətindən yayınmayıb. İndi isə Minsk-Ağdam xəttində yeni mərhələ başlayır.
2024-cü ilin mayında Prezident Aleksandr Lukaşenkonun Azərbaycana səfəri zamanı İlham Əliyevlə azad edilmiş ərazilərə birgə getməsi, bir sıra açılışlarda iştirak etməsi və Ağdamda Belarus büdcəsi hesabına 420 ailəlik aqrar şəhərcik salınması planı sadəcə diplomatik jest deyil. Bu, açıq şəkildə regionda Belarusun “bura mənim də maraq dairəmdir” mesajıdır.
Əməkdaşlıq təkcə quruculuqla bitmir. Belarusun “Tetraedr” şirkətinin 2011-ci ildən Azərbaycan Hərbi Hava Qüvvələrinin zenit-raket komplekslərini müasirləşdirməsi faktı göstərir ki, hərbi sənaye əlaqələri də kifayət qədər dərin və davamlıdır. Müdafiə nazirlikləri arasında razılaşdırılmış planlar, birgə modernizasiya layihələri, sülhü dəstəkləmə əməliyyatları üzrə məşvərətlər artıq təcrübəyə çevrilib.
Siyasi səviyyədə isə münasibətlərə dinamika verən amil liderlərin şəxsi münasibətləridir. Prezident İlham Əliyev və Aleksandr Lukaşenko son 20 ildə bir-birinin ölkəsinə 8 dəfə rəsmi və ya işgüzar səfər edib. 2010-cu ildə Belarus Rusiyanın qaz təzyiqləri ilə üzləşəndə Azərbaycan Minskə 200 milyon dollarlıq kredit verdi. Qardaşlıq jesti bununla da bitmir. İqtisadiyyat sahəsində Belarusdan Azərbaycana maşınqayırma, kimya və əczaçılıq məhsulları, metal və şüşə məmulatları daxil olmaqla geniş məhsul spektri idxal olunur. Enerji sahəsində isə birinin neft, digərinin emal potensialı qarşılıqlı asılılığı artırır.
O zaman belə bir sual meydana çıxır. Belarusun KTMT-dəki üzvlüyü və Rusiya ilə yaxınlığı fonunda bu münasibətlər hansı sərhədə qədər inkişaf edə bilər? Minsk, Moskva ilə balansı necə qoruyacaq? Bakı isə bu tərəfdaşlıqdan regionda hansı əlavə dividendləri qazanmağa çalışır?
Bəzi suallar cavabsız qala bilər, amma fakt budur: Belarus Azərbaycanın MDB məkanında ən yaxın strateji tərəfdaşına çevrilir. Və bu proses, görünür, hələ başlanğıcdadır.
TƏHLİL ANALİTİK QRUP