Tehran və Təbrizdən Bakıya birbaşa uçuşlar başlayır

Yaxın zamanda İran və Azərbaycan arasında hava nəqliyyatı sahəsində yeni imkanlar yaranacaq. Belə ki, Tehran və Təbriz şəhərlərindən Bakıya və əks istiqamətdə birbaşa aviareyslərin həyata keçirilməsi planlaşdırılır.
Təhlil.az xəbər verir ki, bu barədə İranın Yol və Şəhərsalma Nazirliyinin Beynəlxalq Məsələlər üzrə Mərkəzinin direktoru, nazir müşaviri Əmin Tərəffo açıqlama verib.
Onun sözlərinə görə, Tehran-Bakı reysləri həftədə dörd dəfə, Təbriz-Bakı reysləri isə həftədə iki dəfə həyata keçiriləcək.
Hazırda İranın Mülki Aviasiya Təşkilatı bu istiqamətdə Azərbaycan tərəfi ilə texniki və operativ müzakirələr aparır. Ekspertlər isə uçuşların mümkün qədər tez reallaşması üçün işləri sürətləndirir.
Qeyd edək ki, İranda ümumilikdə 54 mülki hava limanı fəaliyyət göstərir. Bunlardan 14-ü beynəlxalq statusa malikdir. Ölkənin hava limanları vasitəsilə illik orta hesabla 30 milyon sərnişin daşınır.
Yeni reyslərin açılması İran-Azərbaycan əlaqələrinin daha da genişlənməsinə, həmçinin turizm və ticarət potensialının inkişafına ciddi təkan verəcək.