05 may

Azərbaycanın tolerantlıq modeli: Regional və qlobal mesaj - TƏHLİL

Dünyanın bir çox ölkəsində dinlərarası və millətlərarası münasibətlər ciddi böhranlar və qarşıdurmalar fonunda formalaşdığı halda, Azərbaycan fərqli bir modelin daşıyıcısı kimi çıxış edir. Bu model multikulturalizmi yalnız ideoloji konsepsiya deyil, praktik yaşam tərzi və dövlət idarəetmə mədəniyyətinə çevirmiş bir yanaşmadır.

Mayın 3-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşü, bu modelin daha bir canlı nümayişi oldu. Prezidentin "ölkəmizdə konfessiyalararası, millətlərarası sülh və anlaşma hökm sürür" fikri təsadüfi deyil. Bu, illərdir yürüdülən ardıcıl siyasətin nəticəsidir.

Azərbaycanın multikultural dəyərləri bir sıra konkret nümunələrlə dəstəklənir. Heydər Əliyev Fondunun dini abidələrin bərpasında, o cümlədən pravoslav və katolik kilsələrinin, sinaqoqların təmirində oynadığı aktiv rol, təkcə daxili auditoriyaya deyil, həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış ciddi mesajdır: Azərbaycanda dini fərqlilik deyil, dini birgəyaşayış təşviq olunur.

Burada diqqət çəkən başqa bir vacib məqam isə maddi dəstək siyasətidir. Dövlət hər il müxtəlif dini icmalara büdcədən maliyyə ayırmaqla bu sahəyə yalnız formal deyil, real və davamlı dəstəyini təmin edir. Xüsusilə əhalisinin böyük əksəriyyəti müsəlman olan bir ölkədə xristian və yəhudi icmalarına da eyni münasibətin göstərilməsi, Azərbaycanın əsl mənada inklüziv və ədalətli dini siyasət apardığını sübut edir.

Amma bu uğur hekayəsinin arxasında təəssüf ki, ikili standartlar və xarici təzyiqlərlə üz-üzə qalmaq reallığı da var. Son günlərdə Milli Məclisin deputatı Azər Badamovun Rusiyada saxlanılması və geri qaytarılması, erməni lobbi dairələrinin artan təzyiqinin nəticəsi kimi dəyərləndirilə bilər. Belə hallar Azərbaycana qarşı qərəzli yanaşmanın və müstəqil tolerantlıq siyasətinə qarşı çıxan güclərin hələ də aktiv olduğunu göstərir.

Eyni zamanda, işğaldan azad edilən ərazilərdə aparılan bərpa və quruculuq işləri çərçivəsində xristian abidələrinin restavrasiyası, Azərbaycan dövlətinin dini abidələrə münasibətdə heç bir fərq qoymadan hər birini milli-mədəni sərvət kimi qoruduğunu nümayiş etdirir. Şuşada Qazançı kilsəsinin bərpası bunun ən simvolik nümunəsidir.

Ən diqqətəlayiq olan isə budur: Azərbaycan monoetnik, təcrid olunmuş və yalnız özünü əsas götürən bir model yaratmaq əvəzinə, açıq, tolerant, qarşılıqlı hörmətə dayanan, gələcəyə yönəlmiş sosial-mədəni sistem formalaşdırıb. Bu sistemin əsas dayağı isə multikultural dəyərlərin yalnız ritorikada deyil, real həyatda tətbiq edilməsidir.

Azərbaycanın tolerantlıq və multikulturalizm siyasəti yalnız daxili harmoniya təmin etmək üçün vasitə deyil, həm də beynəlxalq aləmdə etibar və nüfuz qazandıran strateji resursdur. Bu siyasət bəzi qonşu və regional güclər üçün narahatedici görünə bilər, lakin bu, Azərbaycanın müstəqil və humanist siyasət yoluna olan sadiqliyinin göstəricisidir. Bu gün dünyanın ehtiyac duyduğu məhz bu cür modeldir.

TƏHLİL ANALİTİK QRUP